Mark Şnayer: Dünya ictimaiyyəti Azərbaycanın multikulturalizmlə bağlı nailiyyətlərini yüksək dəyərləndirir

Oktyabrın 8-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer ilə görüşüb. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Allahşükür Paşazadə ölkəmizdəki tolerant mühitdən söhbət açıb. Şeyxülislam qeyd edib ki, Azərbaycanda əsrlərdən bəri multikultural dəyərlər son dərəcə önəmli yer tutur. Burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşayırlar.
ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirdiyini, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. O, QMİ sədri ilə Bakıda və ABŞ-da keçirdikləri görüşləri, habelə Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi “Multikulturalizm”, “İslam Həmrəyliyi” illəri çərçivəsində keçirilmiş tədbirlərdə iştirakını məmnunluqla xatırlayıb. Azərbaycanda müxtəlif xalqların və etnik qrupların, o cümlədən yəhudi icması nümayəndələrinin dinc yanaşı və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığını qeyd edən qonaq onların Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyini xüsusi vurğulayıb.
Fondun prezidenti bildirib ki, multikulturalizm siyasəti vasitəsilə etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri dünya ictimaiyyəti yüksək dəyərləndirir. Azərbaycanın qlobal ideyalarının dünyaya yayılmasına hər zaman dəstək olacağını bildirən M.Şnayer rəhbərlik etdiyi ABŞ Etnik Anlaşma Fondunun bu işə öz töhfəsini əsirgəməyəcəyini qeyd edib.
Şeyxülislam diqqətə çatdırıb ki, bu gün bir çox dövlətlər Azərbaycanın bu sahədəki uğurlu təcrübəsini öyrənir. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilmiş bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından son dərəcə mühümdür. Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində tədbirlərin davamlı olmasının zəruriliyindən danışan QMİ sədri qarşıdakı Berlin konfransı haqqında qonağı məlumatlandırıb.

yap.org.az