Siyasət

  • 4 036

"Prezidentin daxili siyasətinin mərkəzində Azərbaycan vətəndaşına qayğı dayanır" ŞƏRH-ÖZƏL

image

“Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında Azərbaycan Prezidentinin çıxışları bir daha göstərdi ki, ölkəmizin iqtisadiyyatı uğurla inkişaf edir, dövlətimizin sosial-iqtisadi strategiyası düzgündür. Dünyada uzun illərdir davam edən maliyyə iqtisadi, hərbi siyasi böhrana baxmayaraq, Azərbaycan sabitlik adası kimi inkişaf edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.Azərbaycanın iqtisadi uğurlarının düzgün iqtisadi və balanslaşdırılmış beynəlxalq siyasətin nəticəsi olduğunu deyən deputat bildirib ki, Azərbaycanda istər neft, istərsə də qeyri-neft sektoru tarazlı şəkildə uğurla inkişaf edir.Millət vəkilinin sözlərinə görə, artıq bizim ümummilli gəlirlərimizin 70 faizindən çoxunun qeyri-neft sektorundan formalaşması sevindirici haldır: "Cənab prezidentin ötən gün keçirilən müşavirədə çıxışında vurğuladığı kimi bu ilin ən böyük uğurlarından biri “Azərspace 2” telekommunikasiya peykinin kosmosa göndərilməsi və ölkəmizin kosmos dövlətləri klubundan öz yeri və nüfuzunu daha da artırılmasıdır. Bu, həm böyük kommersiya və biznes layihəsi, həm də Azərbaycanın elmi intellektual və dövlətçilik uğurunun bir nümunəsidir. Cənab prezident söylədi ki, Azərbaycanda qeyri-neft sektoru, xüsusilə də kənd təsərrüfatı, turizm informasiya kommunikasiya, nəqliyyat sektoru uğurla inkişaf edir və iqtisadiyyatımıza öz yeni töhfələrini verməkdədir. Bununla yanaşı cənab prezident söylədi ki, iqtisadiyyatın güclənməsi, əhalinin sosial rifah halının da getdikcə artmasına, əhalinin pul gəlirlərinin inflyasiyaya nisbətən yüksəlməsinə və vətəndaşlarımızın layiqli həyat şəraitinin təmin olunmasına xidmət edir ”.Azərbaycan Prezidentinin çıxışı zamanı ölkəmizdə yeni iş yerlərinin açılması ilə bağlı fikirlərinə toxunan M.Quliyev söyləyib ki, cari ilin 9 ay ərzində 80 mindən çox yeni iş yerləri açılıb ki, onlardan da çoxu daimi və yüksək maaşlı iş yerləridir: “Xüsusilə kənd yerlərində əhalinin məşğulluğunun, ən çox da qadınların məşğulluğunun təmin olunması sahəsində son illərdə aparılan tədbirlər öz müsbət nəticəsini verib. Pambıqçılığın, baramaçılığın, tütünçülüyün, zeytunçuluğun inkişafı, fındıq bağlarının salınması Azərbaycanda həm kəndin gəlirlərinin, əhalinin məşğulluğunun artırılması ilə yanaşı, ölkə iqtisadiyyatına öz töhfələrini verir və müsbət təsirini göstərir”.Deputat vurğulayıb ki, Prezident çıxışında əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bu il bütün layihələr davam etdirilib, gələn il də dövlət büdcəsində sosial yönümlü xərclərin məbləği artırılacaq və sosial yönümlü bütün layihələr həyata keçiriləcək: “Bu bir daha göstərir ki, Azərbaycan Prezidentinin daxili siyasətinin mərkəzində Azərbaycan vətəndaşına qayğı, onların maraqlarının təmin olunması və sosial rifahının yüksəlməsi dayanır”.Sosial sahədə islahatların uğurla davam etdirildiyini deyən M.Quliyev deyib ki, bu islahatların da ən aparıcı hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsidir: “Bu məqsədlə süründürməçilik, rüşvətxorluq, bürokratiya və digər mənfi halların aradan qaldırılması üçün DOST mərkəzlərinin yaradılması artıq innovativ yanaşmadır, yeni texnologiyalarının tətbiqi nəticəsində vətəndaş-məmur kontaktının minimuma endirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edən bir layihədir. Bu layihənin həyata keçirilməsi artıq sosial xidmətlər, müdafiə sahəsində “Asan xidmət” modelinin yeni modelinin qurulması deməkdir. DOST mərkəzlərinin yaradılması ilə Azərbaycan vətəndaşının istər məşğulluq, istər reabilitasiya, tibbi bərpa, müavinət və pensiyaların alınması, ünvanlı sosial yardım və digər sosial yardım proqramlarına cəlb olunması məsələsi bir pəncərədən, eyni anda heç bir mənfi hallarla üzləşmədən ən yüksək xidmət mədəniyyəti göstərməklə həyata keçiriləcək. Bu da dövlətin, cənab prezidentin vətəndaşlara olan qayğısının yeni töhfəsi olacaq”.

sia.az

Digər xəbərlər