Siyasət

  • 4 273

Spikerlər Dağlıq Qarabağ məsələsini gündəmə gətiriblər

image

Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşündə Dağlıq Qarabağ məsələsi gündəmə gətirilib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Avrasiya qitəsində yaşayan xalqların firavan gələcəyi yalnız qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurula bilər.O.Əsədov bildirib ki, təəssüflər olsun ki, Avrasiya məkanında alovlanmaqda olan müharibə və münaqişə ocaqları, o cümlədən ölkəmizin zorla cəlb edildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi geniş bir bölgənin inkişaf imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqda davam edir:“Ermənistan silahlı qüvvələri 25 ildən çoxdur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20 faizini, yəni Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu işğal edib. Aparılan etnik təmizləmə nəticəsində Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyon dinc sakin qovulub, didərgin salınıb. Azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı cinayəti törədilib”.Spiker vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənib və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib:“Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının müxtəlif illərdə qəbul etdikləri qətnamələrdə də Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması tələb olunub, yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiq edilib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib. Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də Avrasiya qitəsində və bütün dünyada sülh və sabitlik üçün daim təhlükə mənbəyidir. Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və münaqişə beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, xüsusən dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır”.

sia.az.

Digər xəbərlər