Siyasət

  • 4 225

Məhəmməd Hilal əl-Muhairi: Əbu-Dabi Ticarət və Sənaye Palatası Azərbaycan ilə əməkdaşlığa hazırdır

image

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Əbu-Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Məhəmməd Hilal əl-Muhairi ilə görüşüb.

Görüşdə səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və BƏƏ-nin banisi Şeyx Zayed tərəfindən əsası qoyulmuş Azərbaycan-BƏƏ dostluq və əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti barədə məlumat verib, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əldə edilmiş nailiyyətlər, həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr və tədbirlər, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və aparılan islahatlar, əlverişli biznes və investisiya mühiti haqqında danışıb.
İki ölkə arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətinə və potensialına toxunan diplomat qeyd edib ki, 2016-2018-ci illər ərzində BƏƏ-dən Azərbaycana gedən turistlərin sayında müşahidə edilən kəskin artım, həftə ərzində birbaşa uçuşların 50-yə çatması ölkələrimizin vətəndaşları və biznes dairələri arasında qarşılıqlı məlumatlılığı və anlayışı artırıb ki, bu da iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün imkan yaradır.
Daşqın Şikarov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın BƏƏ ilə əlaqələrə xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Səfir qeyd edib ki, Azərbaycanın xarici ölkələrdə açılmış dörd ticarət nümayəndəliyindən birinin Birləşmiş Ərəb Əmirliklərində təsis edilməsi və təcrübəli ticarət nümayəndəsinin təyin olunması Azərbaycanın bu ölkə ilə əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Görüşdə iştirak edən Azərbaycanın BƏƏ-dəki səfirliyinə təyin olunmuş ticarət nümayəndəsi Elnur Əliyev baş direktora təqdim edilib.
Daşqın Şikarov BƏƏ ilə iqtisadi və ticari əməkdaşlıq əlaqələrinin ənənəvi olaraq Dubaya hədəfləndiyini, lakin Əbu-Dabi və digər əmirliklərlə də əməkdaşlıq üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb. O, səfirliyin yerləşdiyi və siyasi mərkəz olmaqla yanaşı, ölkə ərazisinin 83 faizini əhatə edən Əbu-Dabi əmirliyində Azərbaycan məhsulları və xidmətləri üçün böyük alıcı kütləsinin mövcud olduğunu vurğulayıb. Səfir məhz bu səbəbdən səfirliyin BƏƏ-nin Dubay və Şarja vasitəsilə Azərbaycan ilə birbaşa hava əlaqəsinin olmasına baxmayaraq, Əbu-Dabidən də Bakıya birbaşa uçuşlara başlanılmasına təşəbbüs göstərdiyini və buna nail olduğunu, Əbu-Dabidə keçirilən Şeyx Zayed İrsi beynəlxalq ticarət və mədəniyyət sərgisində Azərbaycan pavilyonunun yaradıldığını, bu əmirlikdə keçirilən digər tədbirlərdə azərbaycanlı iş adamlarının və dövlət dairələrinin iştiraka təşviq edildiyini bildirib.
Səfir Dubay Ticarət və Sənaye Palatasının Azərbaycan ilə təmaslarının daha sıx olduğunu diqqətə çatdırıb, Dubay palatasının ölkəmizdə nümayəndəliyinin olmasının bu işdə müstəsna rol oynadığını qeyd edib. O, Əbu-Dabi Ticarət və Sənaye Palatası ilə də Azərbaycanın işgüzar dairələri arasında əlaqələrin inkişaf etdirilməsi arzusunu ifadə edib. O, palatanın rəhbərliyi və üzvlərinin Azərbaycana səfərlərinin təşkil edilməsi, qarşıdan gələn iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın iclasında və digər tədbirlərdə iştirak etmələrini təklif edib.
Daşqın Şikarov BƏƏ-nin əldə etdiyi inanılmaz nailiyyətlərə də toxunub, yarım əsr öncə tamamilə səhralıq olan ərazidə belə inanılmaz infrastrukturun yaradılmasının hər kəsi valeh etdiyini, burada yaşayan azərbaycanlıların, səfirlik əməkdaşlarının və ailələrinin BƏƏ-də olmaqdan çox məmnun olduqlarını da ifadə edib.
Məhəmməd əl-Muhairi ölkəsi haqqında deyilən xoş sözlərə minnətdarlığını ifadə edib, Əbu-Dabi Ticarət və Sənaye Palatası tərəfindən keçirilmiş son tədbirlər və BƏƏ iş adamlarının xarici ölkələrə təşkil olunmuş səfərləri barədə məlumat verib.
Baş direktor Azərbaycanın həm turistik, həm də işgüzar istiqamət kimi BƏƏ-də imicinin artmasına sevindiyini bildirib, bu istiqamətdə rəhbərlik etdiyi palatanın hər cür əməkdaşlığa hazır olduğunu qeyd edib. Məhəmməd əl-Muhairi Dubay palatası ilə sıx əməkdaşlıq etdiklərini, tələb olunduqda Bakıdakı nümayəndəliyin xidmətlərindən və məlumat dəstəyindən faydalandıqlarını bildirib, qarşılıqlı məlumatlılığın artırılmasının vacibliyi vurğulayıb. Məhəmməd əl-Muhairi Əbu-Dabi iş adamlarından ibarət heyətin Azərbaycana səfərinin təşkil ilə bağlı palatanın İdarə Heyətinə təklif təqdim olunacağını qeyd edib.
Görüşdə iştirak edən Azərbaycanın BƏƏ-dəki səfirliyinin nəzdində ticarət nümayəndəsi Elnur Əliyev ticarət nümayəndəliyinin təsis olunmasından indiyədək görülən işlər barədə baş direktora məlumat verib. O, iqtisadi və ticarət əlaqələrinin daha çox qurulduğu Dubayda bir neçə seqmentdən ibarət Azərbaycan evinin yaradıldığı, bu işlər çərçivəsində nəzərdə tutulan tədbirlər barədə ətraflı danışıb, eyni tədbirlərin Əbu-Dabidə də həyata keçirilməsinin arzu edildiyini diqqətə çatdırıb. Elnur Əliyev Azərbaycan və Əbu-Dabi iş adamları arasında birbaşa təmasların təşkil edilməsinin önəmini xüsusi bildirib, yaxın zamanlarda belə bir tədbirin təşkilini təklif edib.
Görüşdə yaxın gələcəkdə konkret tədbirlərin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.

yap.org.az

Digər xəbərlər