Siyasət

  • 5 619

Bölgələrin inkişafı dövlətin diqqət mərkəzindədir

image

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər

Oktyabrın 11-də Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan yolun açılışını edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, dördüncü texniki dərəcəyə uyğun tikilən iki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Bütün texniki standartlara uyğun salınan yol üzərində zəruri yerlərdə siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb. Ümumi uzunluğu 528 metr olan su ötürücü borular tikilib, yol cizgi xətləri çəkilib. Avtomobil yolunun tikintisi 11 yaşayış məntəqəsini birləşdirərək sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Beləliklə, yeni yol mənzil başına rahat və təhlükəsiz çatmağa hərtərəfli şərait yaradacaq. Bu layihənin icrası, ümumilikdə, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini də təmin edəcək. Bir sözlə, yeni yolun inşası yolboyu yaşayan vətəndaşların sosial rifahına birbaşa təsir göstərəcək, kənd təsərrüfatı məhsullarının rahat və tez daşınmasına münbit şərait yaradacaq.

Dövlətimizin başçısına Quba-Xaçmaz avtomobil yolunun yenidən qurulması barədə də məlumat verildi. Bildirildi ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun yenidən qurulan yol 78,4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. 3-cü texniki dərəcəyə aid 2 zolaqlı yolun uzunluğu 22 kilometr, eni isə 7 metrdir.

Bundan əlavə, Prezident İlham Əliyevə Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin layihəsi barədə məlumat verildi. Layihə ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, dördüncü texniki dərəcəyə uyğun inşa olunacaq yolun uzunluğu 55,7 kilometr, hərəkət hissəsinin eni 6 metrdir. İki hərəkət zolağından ibarət olan yolun tikilməsi bu bölgədə təxminən 5 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini, həmçinin Quba şəhərini Xınalıq kəndi ilə birləşdirərək sərnişin və yük daşınmasını xeyli yaxşılaşdıracaq. Sonra dövlətimizin başçısı Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı elmi-tədqiqat institutunun binasında yaradılan şəraitlə maraqlanıblar.

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildə fəaliyyətə başlayıb və 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. İnstitutda 59 nəfər işçi çalışır, onların arasında elmlər və fəlsəfə doktorları var. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncamına əsasən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb.

Prezident İlham Əliyevə əsas hədəfi ixrac potensialının gücləndirilməsi, bağçılığın dayanıqlı inkişafı, keyfiyyətli məhsul istehsalı və innovativ fermerlərin formalaşmasına dəstək olan “Ağıllı bağ layihəsi” barədə məlumat verildi.

Həmçinin ixtisaslı mexanizatorların vahid reyestri, fermerlər və mexanizatorları əlaqələndirəcək vahid kommunikasiya sisteminin yaradılması, mexanizatorların peşəkarlıq səviyyəsi və digər göstəricilərinin ölçülməsi və onların ölkə üzrə lokasiyasının öyrənilməsi məqsədini daşıyan “AqroUber” layihəsindən də danışıldı.

Dövlətimizin başçısına yeni yaradılan Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyəti barədə məlumat verilərkən bildirildi ki, indiyə qədər 300-dən çox fermerin müraciətinə baxılıb. Onlardan alınan 300 min kiloqramdan çox məhsul satışı çıxarılıb. Bu yaxınlarda Cocuq Mərcanlıda 15 fermerin məhsulunun satışı məqsədilə memorandum imzalanıb. Azərbaycan Prezidentinə “Kənddən Şəhərə” layihəsi haqqında da məlumat verildi. Qeyd olundu ki, layihə çərçivəsində müasir tipli yarmarkaların təşkili, pərakəndə satış mərkəzlərinin qurulması, online sifariş üçün mobil tətbiqin yaradılması nəzərdə tutulur.

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. AZƏRTAC xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlətimizin başçısına məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdilər.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına tibb müəssisəsində yaradılan şərait barədə məlumat verdi. Qeyd olundu ki, Quba Rayon Mərkəzi Xəstəxanası 1964-cü ildə istifadəyə verilib, lakin uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina istismara yararsız vəziyyətdə idi. 230 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Xəstəxana binasında müasir tibbi avadanlıq quraşdırılıb. Cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələrinin yaradıldığı bu tibb müəssisəsində LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar inşa olunub.

Sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşdü. Həkim Kəmalə Heybətova dövlətimizin başçısına onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi. Sonda xatirə şəkli çəkdirildi.

Oktyabrın 11-də Quba şəhərində 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçası açılıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.

Bağçada yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, körpələr evi-uşaq bağçasının inşasına ötən il başlanılıb. Bu ilin sentyabrında isə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Ümumi sahəsi 1439 kvadratmetr olan bina ikimərtəbəlidir. Yataq, yemək və istirahət otaqlarının olduğu bağçada uşaqlar üçün musiqi otağı və idman zalı yaradılıb. Burada balacaların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Oktyabrın 11-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər, burada yaradılan şəraitlə tanış oldular. Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, həmçinin “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirdilər ki, “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə verilmiş və uzun illər istismar nəticəsində yararsız vəziyyətdə düşmüşdü. İkimərtəbəli binada “ABAD” publik hüquqi şəxs tərəfindən “Paşa Holding”in dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb və müasir avadanlıq quraşdırılıb. Kompleksdə bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək. Kompleksin hər istehsal sahəsində növbəlilik prinsipi əsasında 30 nəfərdən ibarət iki “ABAD”çı ailə çalışacaq. Bununla da 30-dək vətəndaş “ABAD” publik hüquqi şəxsin əməkdaşı kimi işlə təmin ediləcək. Bundan əlavə, istehsal prosesində ABAD-çıları xammalla təchiz edəcək yeni ABAD-çıların prosesə qoşulması da nəzərdə tutulur ki, bu da, ümumilikdə, regionda yaşayan 70-80 ailənin məşğulluq və əlavə gəlir əldə etməsinə şərait yaradacaq. “Paşa Holding”in dəstəyi ilə “ABAD” publik hüquqi şəxs tərəfindən həyata keçirilən “ABAD Gastro Village” layihəsi çərçivəsində isə “Quba ABAD Factory”nin önündə “Food truck park”ı yaradılıb.

Həmin gün “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.

Əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına Quba-Xaçmaz iqtisadi rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə regionda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr barədə məlumat verdi. Bildirildi ki, bu iqtisadi rayonda ümumi dəyəri 376 milyon manat olan 2624 layihənin maliyyələşdirilməsinə 201 milyon manat güzəştli kredit verilib. Bu çərçivədə yaradılan müəssisələr xarici ölkələrə məhsul ixracına başlayıb. Belə ki, Xaçmazdakı fındıq emalı zavodu ötən il 2 milyon dollar dəyərində fındıq, Logistika Mərkəzi və meyvə emalı zavodu 500 min dollar dəyərində quru meyvə, Qusarda Regional Logistika Mərkəzi isə 6,2 milyon dollarlıq meyvə ixrac edib. Keçən il 186,4 min hektar meyvə bağından, ümumilikdə, 955 min ton meyvə istehsal olunub. Məhsulun 29 faizi əsasən Rusiya, Ukrayna, İtaliya, İsveçrə və Almaniya olmaqla, xarici bazarlara ixrac edilib. Ötən il Quba-Xaçmaz iqtisadi rayonu üzrə 263,3 min ton meyvə yığılıb ki, bunun 125,2 min tonu Qubanın payına düşür. Sonra dövlətimizin başçısı zavodu işə saldı. İqtisadiyyat naziri Şahin Mustafayev və müəssisənin rəhbəri Emin Məmmədzadə zavodda görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdilər.

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba şəhərində salınan Gənclər Parkında yaradılan şəraitlə tanış olublar. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına parkda görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, parkın inşasına bu ilin fevralında başlanılıb. Ərazisi 0,66 hektar olan bu istirahət məkanı 4 hissədən ibarətdir. Burada yaşlı insanlar üçün hissə, idman zonası, gənclər və uşaqlar üçün guşələr yaradılıb. Bundan başqa, Gənclər Parkında 300 kvadratmetr sahəsi olan 2 mərtəbəli restoran da fəaliyyət göstərəcək. Parkda söhbətgahlar quraşdırılıb, uşaqların vaxtlarını səmərəli keçirmələri üçün attraksionlar qoyulub, geniş yaşıllıq zonaları salınıb, müxtəlif dekorativ ağac və gül kolları əkilib, işıqlandırma sistemi yaradılıb. Bir sözlə, bu parkda Quba sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait var.

Qeyd edək ki, ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti uğurlu nəticələrlə yadda qalır. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” bu prosesdə çox mühüm rol oynayıb. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da bu tədbirlərin məntiqi davamı kimi çıxış edib. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd təbii ki, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri tikilir. Qubada salınan Gənclər Parkı da bu məqsədə xidmət edir.

Digər xəbərlər