Vüqar Rəhimzadə: “ABŞ-a petisiya vasitəsilə öz etirazımızı bildirməliyik" ÖZƏL-ŞƏRH

“ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Meriland prospektinin adının dəyişdirilərək “Artsax” qoyulmasına görə biz rəsmi Amerika tərəfinə, eləcə də onun aidiyyatı qurumlarına öz etirazımızı bildirməliyik. Düşünürəm ki, sosial şəbəkələr vasitəsilə də bu məsələyə etiraz bildirilməlidir. Bu tamamilə ədalətsiz bir mövqedir. Heç şübhəsiz ki, burada erməni lobbisinin canfəşanlığı xüsusi rola malikdir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.“Düşünürəm ki, bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və yaxud da hansısa orqan rəsmi Amerikanın aidiyyatı orqanlarına öz etirazını bildirər. Yəqin ki, bununla bağlı işlər gedir. Bizim üzərimizə düşən vəzifə isə odur ki, sosial şəbəkələrdə petisiya vasitəsilə öz etirazımızı bildirək.Ən pisi odur ki, erməni lobbisi məhz Kaliforniya ştatında böyük nüfuza və çəkiyə malikdir. Çünki sözügedən ştatda çoxsaylı erməni yaşayır və bu səbəbdən də erməni lobbisinin əsas özəyi Kaliforniyada təmərküzləşib. Bu baxımdan hesab edirəm ki, sözügedən məsələyə son dərəcə ciddi yanaşmaq və prosesləri izləmək lazımdır. Bütün mümkün vasitələrlə bunun qarşısını almaq lazımdır. Heç cür imkan vermək olmaz ki, separatçı qurum hansısa formada təbliğ olunsun. Ermənilərin də məqsədi, zatən, təbliğat kampaniyasını genişləndirməkdir. İnformasiya siyasətlərini yalan üzərində quran ermənilər, bəzi hallarda dünya ictimaiyyətini aldada bilirlər. Ona görə də qətiyyən buna yol vermək olmaz. Hesab edirəm ki, Birləşmiş Ştatlarda fəaliyyət göstərən diaspor qurumları, o cümlədən türk diaspor təşkilatları da bunun qarşısını almaq üçün səylərini birləşdirməlidirlər. Vaşinqtonla yanaşı, Kaliforniyadakı müvafiq qurumlara müraciət olunmalı və məsələnin mahiyyəti onlara izah edilməlidir”, - deyə, baş redaktor fikirlərini tamamlayıb.

sia.az