Siyasət

  • 2 892

Uğurlu səfərlər, real nəticələr

image

Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların sosial-iqtisadi inkişafına təkan verir

Bu gün regionlarımızın günbəgün inkişaf etməsi ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olduğunu təsdiq edən ən mühüm amildir. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə, regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə təkan verir.

Ən mühüm məsələ isə, Prezident İlham Əliyevin, mütəmadi olaraq, bölgələrə səfər etməsi və səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də, ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə vəsaitin ayrılması regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Həmçinin, xüsusi olaraq, vurğulamaq lazımdır ki, son illər ərzində ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi vədi yerinə yetirən və Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan ölkə başçısı İlham Əliyevin, müntəzəm olaraq, regionlara səfərləri zamanı insanlarla həmişə təmasda olması, sıravi adamlarla, ziyalılarla, gənclərlə görüşləri Ona öz işini səmərəli qurmaqda, nöqsanları aradan qaldırmaqda, qarşıya yeni vəzifələr qoyub həyata keçirməkdə imkanlar yaradır və hakimiyyətlə xalqın birliyini möhkəmləndirir.

Məhz bunun nəticəsidir ki, son on beş ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Təkcə, onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız dəfələrlə artmış və ölkənin ümumi valyuta ehtiyatları çoxalmışdır.

İctimaiyyətlə bir olan

dövlət başçısı

Bu günlərdə regionlara növbəti səfərləri çərçivəsində Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva cənub bölgəsində səfərdə olub və bu bölgələrə səfərləri bir sıra sosial və iqtisadi təyinatlı obyektlərin açılışı ilə əlamətdar olub.

Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında iştirak ediblər. Görüş zamanı Prezident İlham Əliyevə və Birinci Xanım Mehriban Əliyevaya ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi diqqət göstərən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində, artıq bir çox bölgələrdə xalça fabrikləri açılıb. “Azərxalça” ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz və İsmayıllıdakı müəssisələr Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu müəssisələri xammalla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 27 milyon 420 min manat olan “Yunəyirici-boyaq” fabrikinin, Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin inşası davam etdirilir. Görüş zamanı bildirilib ki, artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanılıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça istehsalı emalatxanası tikilir.

Prezident İlham Əliyev görüş zamanı bildirib ki, keçən il də, bu il də Lənkərana gəlmişəm: “Bu, 15 il ərzində mənim Prezident kimi Lənkərana 10-cu səfərimdir. Bundan sonra hələ xeyli açılışlar olacaq, bəlkə bu fabrikin ikincisini də yarada bilərik: “Siz xalçaçılığı yaşadırsınız. Şadam ki, Azərbaycanda belə xalça fabriklərinin tikintisi geniş vüsət alıb. Bu, mənim iştirakımla açılan sayca altıncı xalça fabrikidir. “Azərxalça”nın xətti ilə ölkəmizdə yaxın gələcəkdə 30 fabrik yaradılacaq. Hər fabrikdə 100-dən çox işçi çalışır. Mənə verilən məlumata görə, burada 116 işçi var. Demək olar ki, onların hamısı qadınlardır. Qadınlar üçün iş yerləri, belə gözəl şərait yaradırıq. Belə gözəl binada işləmək də xoşdur, adama zövq verir. Siz bizim qədim sənətimizi yaşadırsınız, burada şagirdlər də var, təlimlər keçirilir. Bu, deməyə əsas verir ki, xalçaçılıq sənəti Azərbaycanda əbədi yaşayacaq”.

Prezident İlham Əliyev, həmçinin, vurğulayıb ki, Azərbaycanda xalçaçılığın çox böyük gələcəyi var: “Biz qədim ənənələrimizi qorumaqla xalçaçılığı inkişaf etdiririk. Hazırda Sumqayıt şəhərində əyirici-boyaq fabriki tikilir. Fabrik tikiləndən sonra özümüzü həm boya ilə, həm ipliklə təmin edəcəyik. Bölgələrdə yun qəbulu məntəqələri yaradılır ki, keyfiyyətli xammal tədarük edilsin. Yəni xalçaçılıq Azərbaycanda tam yerli xammal əsasında inkişaf edəcək. Bir daha demək istəyirəm ki, ən önəmlisi, hər fabrikdə qadınlar üçün 100-dən çox, bəzilərində 120, 130, 150 iş yeri, gözəl şərait yaradılır ki, siz burada işləyəsiniz, yaxşı pul qazanasınız və bu sənəti əbədi yaşadasınız”.

Dövlət başçısı səfər zamanı Lənkəran Olimpiya İdman Kompleksinin, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısına və xanımına Astaraçay üzərində tikiləcək körpü və körpüyə qədər olan yolun planı barədə də məlumat verildi.

Prezident İlham Əliyev sonra Astara rayonuna səfəri zamanı “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edib.

Dövlət başçısı İlham Əliyev daha sonra Lerik rayonuna səfəri zamanı da Lerik rayonunun Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Göründüyü kimi, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycanda yüksək sürətli və dayanıqlı sosial-iqtisadi inkişafa nail olunub. Çünki sosial-iqtisadi islahatların vacib tərkib hissələrindən biri də yol infrastrukturunun müasirləşdirilməsi, bu sahədə dünyanın mütərəqqi təcrübəsinin tətbiq edilməsidir. Dövlətimizin başçısının Sərəncam və tapşırıqlarına uyğun olaraq, ölkəmizin əsas magistral yolları qısa müddətə və müasir səviyyədə yenidən qurulub. Bundan sonra diqqət kənd və qəsəbələri birləşdirən yolların yenilənməsinə yönəlib. Məhz Lerik rayonunun Noda-Şingədulan-Xanagah avtomobil yolunun açılışı bu deyilənlərin məntiqi nəticəsidir. Beləliklə, sadalanan rəqəmlər, bir daha onu göstərir ki, yürüdülən siyasət dövlət başçımızın düşünülmüş, məqsədyönlü siyasətidir və bu siyasət regionlarımızın yüksək inkişafını təmin edəcək. Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində, bu gün Azərbaycanın regionlarında yol infrastrukturu yenilənib, su, qaz və elektrik enerjisi təminatı xeyli yaxşılaşdırılıb. Bütün bunlar, təbii ki, regionların inkişafına olan diqqətin birbaşa ifadəsidir. Rəqəmlərə diqqət yetirmək kifayətdir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər