"Bakı Forumunun keçirilməsi təsadüfi deyil" ÖZƏL-MÖVQE

25-26 oktyabr tarixlərində Bakıda “Dayanıqlı İnkişafa dair Bakı Forumu” keçiriləcək.Ölkəmizdə keçirilən bu kimi forumların əhəmiyyətindən danışan internet media eksperti Səbuhi Abbasov SİA-ya açıqlamasında rəsmi Bakının beynəlxalq tədbirlər üçün mühüm platformaya çevrildiyini deyib: “Azərbaycan 15 il öncə müxtəlif beynəlxalq tədbirlərin əsasən iştirakçısı olurdu, təcrübə qazanırdı. Ancaq son 10 ildə bu proses ölkəmizin iqtisadi gücünün bir neçə dəfə artması səbəbindən bizim xeyrimizə dəyişib. Bu mənada Dayanıqlı İnkişafa dair Bakı Forumunun keçirilməsini də təsadüfi hesab etmirəm. Orbitə 2-ci sputniki göndərən, regionda iqtisadi layihələrin əsas müəllifə çevrilən bir ölkədə bu kimi forumların keçirilməsi həm də siyasi sabitlik faktorunun təsdiqini vermiş olur. Burada tək siyasi, iqtisadi maraqlardan söhbət getmir. Ölkəmiz həm də öz mədəni dəyərlərini bir növ dünya arenasına təqdim etmiş olur".Qeyd edək ki, “Dayanıqlı İnkişafa dair Bakı Forumu” 25-26 oktyabr tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi planlaşdırılır. Forum Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə təşkil ediləcəkdir. Bakı forumu plenar sessiyalar, interaktiv dəyirmi masa müzakirələri, aralıq iclaslar, bəyannamənin qəbul edilməsi mərasimi, seminarlardan ibarət olacaqdır. Bakı Forumu BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin milli səviyyədə icrasına cavabdeh olan Avropa və Asiya ölkələrinin yüksək səviyyəli nümayəndələrini, BMT rəsmilərini, beynəlxalq və yerli ekspertləri bir araya gətirəcək. Forumda vətəndaş cəmiyyəti, özəl sektor və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı nəzərdə tutulur”.

sia.az