"STAR"ın açılması region iqtisadiyyatında canlanmaya xidmət göstərəcək” RƏY-ÖZƏL

“Azərbaycan-Türkiyə münasibətləri "bir millət, iki dövlət" düsturu ilə çox uğurla davam etməkdədir. Biz strateji enerji və nəqliyyat layihələri ilə yanaşı, artıq Türkiyə-Azərbaycan sərmayəsinin nəticəsində hər iki ölkə çox uğurlu müəssisə inşa edərək istifadəyə verib”. Bunu SİA-ya Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Asim Mollazadə İzmirdə “Star” Neft Emalı Zavodunun açılmasına münasibət bildirərkən deyib.O bildirib ki, “STAR” zavodu hər iki ölkəyə gəlir gətirməklə yanaşı, bölgədə çox uğurlu təchizat layihəsidir.Deputat hesab edir ki, sözügedən layihədən təkcə Türkiyə və Azərbaycan deyil, eləcə də regionun digər ölkələri bəhrələnəcəklər: “Bizim layihələrimizin məqsədi də elə bundan ibarətdir. Azərbaycanla Türkiyə Şərqlə Qərbi enerji və nəqliyyat sistemini formalaşdıraraq, bu sahədə yeni iqtisadi canlanma yaradır. Düşünürəm ki, biz əməkdaşlığımızı genişləndirərək, bu prosesə digər maraqlı sərmayələri də cəlb edə bilərik”.A.Mollazadə qeyd edib ki, “STAR” zavodunun açılması həm də məşğulluq baxımından mühüm əhəmiyyət kəsb edir: “Yeni iş yerlərinin açılması həm Türkiyə iqtisadiyyatına həm də ümumilikdə region iqtisadiyyatında canlanmaya xidmət göstərəcək”.Azərbaycan və Türkiyə dövlət başçılarının çıxışlarına istinadən edən deputat söyləyib ki, həm Prezident İlham Əliyev, həm də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hər zaman bəyan edib ki, iki ölkə arasında münasibətlər dünya üçün nümunə olmaqla yanaşı, əbədi və sarsılmazdır: “Azərbaycan və Türkiyə arasında əlaqələr bütün sahələri əhatə edir və birgə keçirilən layihələr, atılan addımlar bu əlaqələrin daha da dərinləşməsinə xidmət edir”.

sia.az