Siyasət

  • 3 773

Bölgələrin sosial-iqtisadi inkişafı uğurla davam edir

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda görülən işlər haqqında məlumat verdi. Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış etdi. Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat verdilər.

Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

Oktyabrın 22-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli Rayon Məhkəməsinin yeni binasında yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, İmişli Rayon Məhkəməsinin sədri Qurban Hacıyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirdi ki, ümumi sahəsi 2300 kvadratmetr olan bina ikimərtəbəlidir. Bu bina da digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, ictimai və inzibati zonalara bölünüb, habelə əlillərin sərbəst hərəkəti üçün bütün şərait yaradılıb. Binada dövlətimizin başçısının tapşırığına uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur qurulub, Dünya Bankı ilə Ədliyyə Nazirliyinin həyata keçirdiyi birgə layihə çərçivəsində bina müasir İKT ilə təchiz edilib, ən yüksək səviyyədə məhkəmə və konfrans zalları inşa olunub. Burada videokonfransların, elektron sənədlərin dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən və audio-video yazılışları aparan avadanlıqlar quraşdırılıb. Məhkəmədə “elektron icra” sistemi tətbiq edilir və bu sistem vasitəsilə məhkəmə qərarlarının elektron qaydada icraya yönəldilməsi təmin olunur, məhkəmə ilə icra qurumu arasında sənədlərin kağızsız mübadiləsi həyata keçirilir. Dörd hakim, 30-dək məhkəmə və ədliyyə işçisinin fəaliyyəti üçün nəzərdə tutulan binada müxtəlif tədbirlər keçirməyə imkan verən konfrans zalı və təlim otağı, habelə kitabxana, arxiv, təqsirləndirilən şəxslərin saxlanması üçün kameralar, konvoy maşını üçün dayanacaq və digər sahələr mövcuddur.

İmişli Rayon Məhkəməsində vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığın təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları quraşdırılıb. Bunlar vətəndaşlara məhkəmə prosesləri və onların tarixi, vaxtı, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişlidə Bayraq Muzeyinin açılışında iştirak edib. Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış oldu.

Dünən həmçinin İmişli rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Komplekslə tanışlıq zamanı Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər. Prezident İlham Əliyev İmişli “ASAN xidmət” mərkəzini işə saldı.

Digər xəbərlər