Ziyafət Əsgərov: "Dövlət Neft Fondunun transferlərindən imtina etmək düzgün deyil"

“Dövlət büdcəsi ölkənin iqtisadi Konstitusiyasıdır və onun müəyyən etdiyi parametrlər iqtisadi baxımdan necə yaşamağımızı təmin edəcək”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin birinci vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Parlamentdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib.Dövlət büdcəsi müzakirə olunan zaman bir neçə parametrə xüsusi diqqət etdiyini deyən komitə sədri söyləyib ki, büdcənin sosial xarakter daşıması, beynəlxalq iqtisadi konnekturanı özündə necə əks etdirməsi, maliyyə sabitliyin təmin olunması mühüm amillərdir: “Bu baxımdan hesab edirəm ki, 2019-cu ilin büdcəsi də əvvəlki illərdə olduğu kimi sosial yönümlüdür. Büdcənin sosial yönümlü olması, ilk növbədə Konstitusiyamızdan irəli gəlir və dövlətimizin ali məqsədidir”.Z.Əsgərov söyləyib ki, 2019-cu ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə 3 milyard 37 milyon manat nəzərdə tutulub ki, bu da 2018-ci ilin büdcəsindən 4.6 fazi çoxdur: “Torpaqları işğal altında olan bir ölkə üçün bu sahəyə daha artıq vəsaitin ayrılması başa düşüləndir”.Komitə sədri qeyd edib ki, 2019-cu ilin büdcəsində hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xərclər 30 milyon manat səviyyəsinə çatacaq: “Hökumət bu dəfə də hərbi döyüşlərdə iştirak edən şəxslərin sosial vəziyyətinə xüsusi diqqət ayırıb”.Çıxışı zamanı büdcənin neftdən asılılığının azaldılması ilə bağlı səslənən fikirlərə münasibətini bildirən Z.Əsgərov qeyd edib ki, Dövlət Neft Fondunun transferlərindən imtina etmək düzgün deyil: “Bu gün dünyada neftin 57 faizi yanacaq kimi istifadə olunur. Hazırda dünyada elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrinin istehsal olunduğunu nəzərə alsaq, 10-15 ildən sonra yanacağa olan tələbat 57 faiz azalacaq. O zaman neftin qiymətində azalmalar müşahidə olunacaq. Belə olan vaxtda niyə biz neftimizi dünya bazarına çıxarıb ondan əldə etdiyimiz gəlirlər hesabına iqtisadiyyatımızı genişləndirməyək? Ölkəmizdə sosial layihələr işləyib hazırlanır, yol infrastrukturuna diqqət ayrılır. Bunu xalqımız üçün edirik. Bu. sosial vəziyyətin yaxşılaşdırılması deyilmi ?”.Komitə sədri əlavə edib ki, 2019-ci ilin büdcəsində dünya iqtisadi konnektura və çağrışlar nəzərə alınıb: “Bu büdcə Azərbaycanın gələcəyi, xüsusilə də 2019-cu il üçün etimadlı büdcədir. Elmi chəddən savadlı hazırlanıb. Büdcəmiz xalqımız üçün xeyrli olsun”.

sia.az