Siyasət

  • 4 267

Bölgələrin sosial-iqtisadi inkişafı daim dövlətimizin diqqət mərkəzindədir

image

Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonuna səfər edib

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərə gəliblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi.

Bu yol Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı Sərəncama əsasən inşa edilib. Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolu 29 min nəfərin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 25,3 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metrdir. Yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə aiddir. İnşaat işləri çərçivəsində yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib, 10 avtobus dayanacağı tikilib. Bu layihənin icrası yolboyu yerləşən yaşayış məntəqələrində yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan verəcək. Ağdamda 14 cəbhəyanı yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması ilə bağlı layihənin icrası həm də onu sübut edir ki, təmas xəttində yerləşən kəndlərimizin sosial-iqtisadi inkişafı daim dövlətimizin diqqət mərkəzindədir.

Prezident İlham Əliyevə yenidən qurulan, uzunluğu 5,4 kilometr olan Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolu barədə də məlumat verildi.

Bildirildi ki, uzun müddət istismar olunmasına baxmayaraq, yolun əsaslı şəkildə təmir edilməməsi torpaq yatağının deformasiyaya uğramasına səbəb olmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Aparılan yenidənqurma işləri nəticəsində bu problemlər tamamilə aradan qaldırılıb. Dördüncü texniki dərəcəyə aid və iki hərəkət zolaqlı yolun hərəkət hissəsi 6 metrdir. Tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunub, zəruri yerlərdə yeniləri qurulub. Yolboyu avtobus dayanacaqları qoyulub, nişanlar quraşdırılıb. Yeni yol 5 yaşayış məntəqəsinin 7 minə yaxın sakininə mənzil başına rahat və təhlükəsiz çatmağa imkan verəcək.

Dövlətimizin başçısına Tərtər-Hindarx avtomobil yolunun 18-41-ci kilometrlik hissəsi və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun 23-37-ci kilometrlik hissəsində görülən yenidənqurma işləri barədə də məlumat verildi.

Bildirildi ki, uzun illər təmir olunmadan istismar edildiyindən, həmçinin təbii amillərin təsirindən həmin avtomobil yollarının 37 kilometrlik hissələrində asfalt-beton örtüyündə aşınmalar, çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdi. Tərtər-Hindarx və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolları 3-cü texniki dərəcəyə uyğun yüksək səviyyədə yenidən qurulub. Respublika əhəmiyyətli yolların bəzi hissələrində torpaq yatağı təbii relyeflə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəlmişdi. Bu səbəbdən yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri də görülüb.

Respublika əhəmiyyətli Tərtər-Hindarx və Ağdam-Hindarx-Ağcabədi avtomobil yollarının 37 kilometrlik hissəsinin yenidən qurulması ilə yolboyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər, Hindarx, Ağcabədi istiqamətinə gediş-gəlişi asanlaşacaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılmasına imkan yaranacaq.

Məlumat verildi ki, bu bölgədə icra olunan yol layihələrindən biri də Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd yolunun əsaslı şəkildə yenidən qurulmasıdır. Uzunluğu 18 kilometr olan yol respublika əhəmiyyətli Ağdam-Hindarx-Ağcabədi və Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Yolun əsaslı şəkildə bərpası yolboyu yerləşən üç yaşayış məntəqəsində 8 min nəfər əhalinin sosial rifah halına olduqca müsbət təsir edəcək. Layihəyə uyğun olaraq, bu yol 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Dövlətimizin başçısı Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Ağdam Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdilər.

Qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır. Bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət göstərilir. Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan Muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var.

Bu məsələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağdam rayonunda yaradılan Muğam Mərkəzi də böyük rol oynayır. 2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzulidə inşa olunan Muğam mərkəzləri ölkəmizdə muğamın inkişafına mühüm töhfələr verib.

Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da tarixi töhfələr verib. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb. Ötən illərdə Heydər Əliyev Fondu ilə Azərbaycan Televiziyasının birgə layihəsi əsasında “Muğam televiziya müsabiqələri”nin keçirilməsi bu əvəzsiz sənət nümunəsinin yaşadılması, xalqımızın qədim yaddaşından gələn muğamlarımızın qorunması istiqamətində mühüm hadisələr kimi tarixə düşüb.

Muğam sənətinin ölməzliyini təmin edən dərin məzmun və fəlsəfi məna onun malik olduğu xalqın özəlliyi ilə bağlıdır. Xalqımızın özü qədər qədim olan muğamın yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən bütün bu layihələr, ilk növbədə, muğam ustadları, bu sənətlə məşğul olan insanlar üçün əsl hədiyyədir. Xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğam ümumilikdə, bəşər mədəniyyətinin nadir inciləri sırasındadır.

Bildirildi ki, Ağdam Muğam Mərkəzinin inşasına 2016-cı ilin oktyabrında başlanılıb. İnşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Muğam Mərkəzinin ərazisi 7782 kvadratmetr, tikintialtı sahəsi isə 1800 kvadratmetrdir. İkimərtəbəli bina yüksək zövqlə müasir səviyyədə inşa olunub. Burada qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar yaradılıb. Mərkəzdə musiqi alətlərinin təmiri emalatxanası da fəaliyyət göstərəcək. Bu mərkəzin konsert zalı da müasirliyi ilə seçilir. Buradakı 328 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait var. Mərkəzdəki sinif otaqlarında muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.

Qeyd edildi ki, Ağdam Muğam Mərkəzi konsert müəssisəsi qismində fəaliyyət göstərəcək. Muğam Mərkəzinin Ağdamda yaradılması çox böyük rəmzi məna daşıyır. Çünki Qarabağ muğam məktəbinin qədim və zəngin ənənələri var. Qarabağ torpağı Azərbaycanın ən qədim guşələrindən biri olmaqla şeir, sənət ocağı, istedadlar diyarı kimi dünyaya məşhur ustad xanəndələr bəxş edib. Ayrı-ayrı sənətkarların ifaçılıq üslubunun yaşadılmasında, muğam ənənələrinin, sənətkarlıq sirlərinin nəsillərə ötürülməsində Qarabağ muğam məktəbinin böyük rolu var. Muğam Azərbaycan musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, xalqımızın mədəniyyətində və tarixində qoyduğu dərin izlə tanınır və sevilir. Bu mədəniyyət şedevrinin tarixi köklərinin Azərbaycanda olması isə ilk növbədə, onun daşıyıcılarının ölkəmizdə mövcudluğu ilə bağlıdır. Odur ki, muğam hər bir soydaşımızın ana dilidir. Muğamı sevmək, ona bağlanmaq hər birimiz üçün son dərəcə təbii və doğmadır.

Ağdam Muğam Mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılıb, 0,6 hektar sahədə istirahət parkı yaradılıb, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, işıqlandırma sistemi quraşdırılıb. Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi. Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Xalq artisti, tarzən Ramiz Quliyev görüşdə çıxış etdilər. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Azərxalça” ASC-nin Ağdam filialının rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində Qarabağın müxtəlif bölgələrində toxunan nadir xalçalara baxdılar.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı məlumat verərkən bildirdi ki, filialın binasının ümumi sahəsi 1250 kvadratmetrdir. Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlkin mərhələdə artıq 90 nəfər işə qəbul olunub.

Bildirildi ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixi və orijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Müəssisədə çalışan toxucular bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək.

Dövlətimizin başçısı və birinci xanım xalçaçılarla görüşdülər. Sonra birinci xanım Mehriban Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfəri çərçivəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində Əsmər Hüseynovaya məxsus 4 hektar pay torpağında əkilmiş pambıq sahəsi ilə tanış olublar. AZƏRTAC xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Əsmər Hüseynova təsərrüfatda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdilər.

Bildirildi ki, ötən il bu fermer təsərrüfatında 70 hektar sahədə pambıq əkilib və 253 ton məhsul götürülüb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pambıqçılarla görüşüb söhbət etdilər.

Pambıqçılar ölkəmizdə kənd təsərrüfatının bu sahəsinin inkişafına göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirdilər. Sonda xatirə şəkli çəkdirildi.

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi. Kənd təsərrüfatı naziri İnam Kərimov və Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov ölkəmizdə atçılığın inkişafı istiqamətində görülən işlər, kompleksdə yaradılan şərait barədə məlumat verdilər.

Ölkəmizin dilbər guşələrindən olan Qarabağ dünyada füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə tanınır. Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyada ən qədim mədəni at cinslərindən olmaqla, əsrlər boyu aparılan xalq seleksiyası sayəsində bu bölgədə formalaşıb. Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq yayılmasında Qarabağın xan zavodlarının əvəzsiz rolu olub. Buna görə də XVIII-XIX əsrlər Qarabağ atçılığının qızıl dövrü hesab edilir. XX əsrdə isə Qarabağ atı cinsinin tarixində ən önəmli hadisə Ağdam atçılıq zavodunun yaradılmasıdır. Bu zavod rəsmi olaraq SSRİ Nazirlər Sovetinin 1948-ci il 8 oktyabr, Azərbaycan SSR Nazirlər Sovetinin isə 1949-cu il 27 may tarixli qərarları əsasında Xaldan quşçuluq sovxozunun ərazisində yaradılıb. Zavod 1949-cu ilin sentyabrında Ağdam rayonu yaxınlığındakı Göytəpə adlanan əraziyə, vaxtilə xan zavodlarına məxsus atların məskunlaşdığı yerlərdən birinə köçürülüb. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşayır. Qarabağ atçılıq kompleksi 1994-cü ildən isə Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərir. Bütün çətinliklərə baxmayaraq, Qarabağ atlarını bu günədək qoruyub saxlamaq mümkün olub. Son illər isə dövlət tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün ciddi işlər görülür. 2007-ci ildə “Atçılıq haqqında” Qanun qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, atçılığın inkişafı üzrə Proqram təsdiqlənib. Prezident İlham Əliyevin “Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” 2014-cü il 19 noyabr və “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 2015-ci il 21 avqust tarixli sərəncamları isə Qarabağ atının genefondunun qorunmasında, tarixi şöhrətinin özünə qaytarılmasında mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı 2017-ci il fevralın 22-də isə bu sahə ilə bağlı daha bir Sərəncam imzaladı. Sərəncama əsasən Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin atçılıq kompleksinin tikintisi üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Artıq Qarabağ Atçılıq Kompleksi istifadəyə tam hazırdır.

Məlumat verildi ki, Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilib. Ətrafdakı geniş ərazidə yaşıllıqlar salınıb, ağac və dekorativ kollar əkilib. Kompleks mühafizə binası, dezinfeksiya hovuzu, inzibati bina, doğum şöbəsi, ayğırlar, madyan və gənc atlar üçün tövlələr, qapalı manej, gəzinti sahəsi, çardaq, müayinə otağı, karantin binası, təsərrüfat anbarı, açıq manej, qaçış zolağı, məşq qurğusu, gübrə anbarı və köməkçi qurğulardan ibarətdir. Atçılıq kompleksinin inzibati binasında işçilərin fəaliyyəti üçün ən yüksək şərait yaradılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə yaradılan şəraitlə tanış oldular. Burada Qarabağ atlarının tarixi ilə bağlı sərgi də təşkil edilib.

Bildirildi ki, tarixə nəzər saldıqda Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və xan zümrəsinə daxil olan digər sülalələrin nümayəndələrinə məxsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılaraq cinsin tipik nümunələrinin yetişdirildiyini görmək mümkündür. Tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanıb. Belə ki, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafata, 1869-cu ildə Ümumrusiya at sərgisində “Maymun” ləqəbli at gümüş, “Toxmaq” adlı at bürünc medallara, Xan qızı Natəvanın “Əlyetməz” adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının cins tərkibinin yaxşılaşdırılmasına təsiri olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə Azərbaycanın qədim milli “Sür-papaq” atüstü oyununa baxdılar.

Qeyd olundu ki, “Sür-papaq” oyunu hər birində 4-8 idmançının olduğu iki komandanın iştirakı ilə keçirilir. Bu oyun 20 dəqiqə davam edir. Dövlətimizin başçısı və xanımı kompleksin tövlələrində yaradılan şəraitlə də tanış oldular. Dövlətimizin başçısı və birinci xanım kompleksin açıq manejində Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin “Süvarilər” qrupunun nümunəvi çıxışlarına da baxdılar. Sonra xatirə şəkli çəkdirildi.

Digər xəbərlər