Siyasət

  • 4 284

Cəbhə bölgəsinə Prezident qayğısı

image

Qarabağ zonasına səfərlər Azərbaycan xalqının və Prezidentinin möhkəm birliyinin ifadəsidir

Bu gün Azərbaycanın sosial-iqtisadi yüksəlişi ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq şəkildə göstərir. Prezident İlham Əliyevin son 15 il ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlar, qəbul etdiyi praqmatik qərarlar, habelə, obyektiv reallıqdan irəli gələn addımları ölkəmizin sürətli inkişafına təkan vermişdir. Həyata keçirilən effektiv iqtisadi islahatlarla Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir.

Xüsusilə də, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirildiyini sübut edir. Hər bir iqtisadi rayonun, spesifik xüsusiyyətləri nəzərə alınmaqla, reallaşdırılan sosial-iqtisadi inkişaf proqramı bölgələrimizin tarazlı inkişafını təmin etmiş, əhalinin sosial rifah halı yüksəlmiş, sahibkarlıq mühiti genişləndirilmişdir. Ötən on beş ildə Azərbaycana 236 mlrd. dollar investisiya yatırılıb və məhz buna görə də, Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilib. Son 15 il ərzində ÜDM 3,6 dəfə artıb, özəl sektorun payı 83,9%-ə çatıb. 2017-ci ildə 2,7%-lik iqtisadi artım müşahidə edilib. Ölkədə fəaliyyət göstərən sahibkarların sayı 4,2 dəfə artıb. Son 15 ildə Azərbaycanda 1,9 milyon yeni iş yeri yaradılıb. Ən mühüm məsələ isə, Prezident İlham Əliyevin, mütəmadi olaraq, bölgələrə səfər etməsi və səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də, ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə vəsaitin ayrılması regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.

Dövlət başçısının cəbhə bölgələrinə hər səfəri əhali arasında böyük inam yaradır

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın Ağdam, Ağcabədi və Tərtər rayonlarına səfərləri olub. Səfərlər bir sıra sosial və iqtisadi təyinatlı obyektlərin açılışı ilə əlamətdar olub. Prezident İlham Əliyev Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışında iştirak edib. Prezident İlham Əliyevə yenidən qurulan, uzunluğu 5,4 kilometr olan Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolu barədə də məlumat verilib. Dövlət başçısına, həmçinin, Tərtər-Hindarx avtomobil yolunun 18-41-ci kilometrlik hissəsi və Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun 23-37-ci kilometrlik hissəsində görülən yenidənqurma işləri barədə də məlumat verilib.

Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər.

Məlumat verilib ki, dövlət tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün ciddi işlər görülür. 2007-ci ildə “Atçılıq haqqında” qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, atçılığın inkişafı üzrə Proqram təsdiqlənib. Prezident İlham Əliyevin “Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” 2014-cü il 19 noyabr və “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 2015-ci il 21 avqust tarixli sərəncamları isə Qarabağ atının genefondunun qorunmasında, tarixi şöhrətinin özünə qaytarılmasında mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı 2017-ci il fevralın 22-də isə bu sahə ilə bağlı daha bir Sərəncam imzaladı. Sərəncama əsasən, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin Atçılıq Kompleksinin tikintisi üçün Prezidentin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat vəsait ayrılıb və bu gün artıq Qarabağ Atçılıq Kompleksi istifadəyə tam hazırdır. Dövlətimizin başçısı və xanımı, həmçinin, kompleksin tövlələrində yaradılan şəraitlə də tanış oldular.

Sonra Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva qapalı manejdə Azərbaycanın qədim milli “Sür-papaq” atüstü oyununa baxdılar. Qeyd olundu ki, “Sür-papaq” oyunu hər birində 4-8 idmançının olduğu iki komandanın iştirakı ilə keçirilir. Bu oyun 20 dəqiqə davam edir.

Onu da vurğulamaq lazımdır ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idman sahəsində nailiyyətlər ildən-ilə artır. Məhz atçılığın inkişafı da dövlət başçımızın qayğısının real nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva səfər çərçivəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər. Bildirildi ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən, Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixi və orijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək.

Dövlətimizin başçısı və Birinci Xanım xalçaçılarla görüşü zamanı Mehriban xanım Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsib.

Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Ağdam rayonuna səfəri çərçivəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Əsmər Hüseynovaya məxsus 4 hektar pay torpağında əkilmiş pambıq sahəsi ilə də tanış olublar. Bildirilib ki, ötən il bu fermer təsərrüfatında 70 hektar sahədə pambıq əkilib və 253 ton məhsul götürülüb.

Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva pambıqçılarla görüşüb söhbət ediblər.

Qeyd edək ki, dövlətimizin başçısının ölkədə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq, son illər bu sahənin dirçəldilməsi üçün mühüm addımlar atılıb. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Ağcabədi rayonunda da torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır. Əgər ötən il Ağcabədi rayonu ərazisində 9550 hektarda pambıq əkilmişdisə, bu il 10 min hektar sahədə “ağ qızıl” becərilib.

Pambıqçılar ölkəmizdə kənd təsərrüfatının bu sahəsinin inkişafına göstərilən yüksək qayğıya görə minnətdarlığını bildiriblər.

Bir məqamı da vurğulamaq lazımdır ki, ölkə Prezidenti səfər etdiyi rayonların daha yüksək səviyyədə inkişafı və əhalinin firavan yaşaması üçün Prezidentin Ehtiyat Fondundan maliyyə vəsaiti ayırması dövlətin qayğısının real nəticəsidir. Məhz bu baxımdan, ölkə Prezidenti Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 2,5 milyon (iki milyon beş yüz min) manat, Ağdam rayonunun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Ağdam rayon icra hakimiyyətinə 3 (üç) milyon manat ayrılması haqqında verdiyi sərəncamlarıdır.

Beləliklə, Prezident İlham Əliyevin regionlara hər səfəri, o cümlədən də, cəbhə bölgələrinə səfərləri Azərbaycan xalqı qarşısında öz Prezidentlik vəzifəsini necə şərəflə icra etdiyini bir daha nümayiş etdirir. Eyni zamanda, bu səfərlər Azərbaycan xalqının və Prezidentinin möhkəm birliyinin reallığıdır və heç şübhəsiz, kifayət qədər yüksək əhval-ruhiyyədə olan ordumuzun şücaəti Ali Baş Komandanın rəhbərliyi ilə yaxın vaxtlarda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

Bir sözlə, ölkə Prezidenti cəbhə bölgəsinə bu səfəri ilə nümayiş etdirdi ki, Azərbaycan torpağının hər qarışı müqəddəsdir və düşməndən azad olunacaq, hər bir Azərbaycan vətəndaşı cənab Prezidentin diqqət və qayğısını öz üzərində hiss edir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər