“Paşinyan hazırda 3 masada oturmaq istəyir” ÖZƏL-ŞƏRH

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin hər hansı bir səfərindən bundan sonra mən nəsə ağıllı bir şey gözləmirəm. Çünki bu günə qədər həmsədrlər Ermənistan dövləti ilə eyni mövqedə çıxış edib”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, Minsk Qrupu 25 ildir ki, BMT-nin 4 qətnaməsinin heç birini yerinə yetirməyib: “Ümumiyyətlər Minsk Qrupu bir nümunə göstərsin ki, dünyada hansısa bir münaqişəni həll edə bilib və yaxud da ən azı onun həlli yollarını göstərib. Hər dəfə həmsədr ölkələrin biri öz nümayəndəsini dəyişir. Amma Azərbaycanın hal-hazırdakı mövqeyi düzgün mövqedir ki, birmənalı şəkildə biz həmsədrlərdən imtina etməliyik. Onların İrəvana səfərinə gəlincə deyə bilərəm ki, bu səfər daha çox həmsədrlərin Ermənistana olan maraqlarından doğan bir şeydir. Çünki Nikol Paşinyan hal-hazırda ən azı 3 masada oturmaq istəyir. O həm Rusiya, ABŞ-la, həm də Fransa ilə münasibətlərini tənzimləmək istəyir. O hər üç dövlətdən yardım umur və bir şeylər gözləyir. Çünki dekabrda Ermənistanda parlament seçkiləridir. Paşinyan hakimiyyəti tam götürmək istəyir. Bu müddət ərzində də onlar çalışacaqlar ki, hələ ki, bir neçə vektor üzrə işləsinlər. Həmsədrlərin gəlib orada nəyisə həll etməyinə mən inanmıram. Burada əsas məqsəd hal-hazırda Paşinyan və həmsədrlər arasında gedən gizli danışıqlardan söhbət gedə bilər”.

sia.az