“Azərbaycanın Ermənistana qarşı siyasəti sərtləşə bilər" ÖZƏL-ŞƏRH

“Ümumiyyətlə Ermənistanın keçmiş hakimiyyəti işğalçı ölkəni uçurum vəziyyətinə gətirib çıxardı. Təbii ki, bu da onun işğalçılıq siyasəti ilə bağlı idi və korrupsiyaya bulaşmışdılar”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti hər zaman Serj Sarkisyanın adını çəkmədən bu rejimi kriminal rejim adlandırırdı: “Prezidentin bu sözləri öz təsdiqini tapdı. Erməni xalqı özü də etiraf etdi ki, Serj Sarkisyan korrupsionerdir. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan çoxlu həbslər həyata keçirib. Onların da əksəriyyəti Sarkisyanın qohumları və ətrafıdır. Ermənistan kasıb dövlət olmasına rəğmən işğalçı ölkəni tanıyırmışlar. Bu baxımdan dövlət başçımız Ermənistanın keçmiş hakimiyyətini sərt ifadə ilə tənqid etməkdə haqlı idi. Erməni cəmiyyəti, hakimiyyəti Azərbaycan Prezidentinin dediklərini təsdiqlədi. Bugünkü məhkəmə çəkişmələri, işləri də məhz bundan xəbər verir.Dövlət başçısı Ağdam rayonuna səfəri zamanı da dedi ki, “Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır”. Əgər bu olmazsa, Azərbaycan hakimiyyətinin Ermənistanın indiki hakimiyyətinə qarşı siyasəti sərtləşə bilər. Ona görə də indi Ermənistan parlament seçkilərinə gedir. Əgər Ermənistanın yeni hakimiyyəti də torpaqların azad edilməsi istiqamətində addımlar atmazsa, bu onun da vəziyyətini ağırlaşdıra bilər”.

sia.az