Siyasət

  • 2 713

Aqrar sektorun inkişafı insanların rifahını daha da yüksəldib

image

Prezident İlham Əliyev: “Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq”

Bu il həyata keçirilən islahatlar nəticəsində və görülən işlərin yekunu olaraq kənd təsərrüfatının inkişafında kifayət qədər artım olub. Demək olar ki, bütün aqrar sektorlarda irəliləyiş var və bu il də kəndlinin qazancı yüksək olub. Elə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında açıqlanan rəqəmlərdən aydın görünür ki, iqtisadiyyatda ən yüksək artım - 4,3 faiz kənd təsərrüfatına aiddir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında aqrar sektorda əldə edilən yüksək nailiyyətləri qeyd edərək demişdir: “Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Biz kənd təsərrüfatının ardıcıl artımını görürük. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir. Hesab edirəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, düşünülmüş, sistemli qaydada, torpaqların münbitliyi nəzərə alınaraq, əkin sahələrinin səmərəliliyini təmin edərək və ilk növbədə, məhsuldarlığı artıraraq biz mövcud olan torpaq fondumuzdan istifadə edərək istehsalı böyük dərəcədə artıra bilərik”.

Aqrar sahədə müasir texnika və texnologiyalardan istifadə edərək məhsul bolluğunu yaratmaq günün reallığıdır. Ölkəmizdə bu istiqamətdə bir sıra işlər görülüb. İlk növbədə müasir tələblərə cavab verən, məhsulu itkisiz yığan, becərmədə az yanacaq sərf edən texnikalar alınaraq fermerlərə güzəştli qiymətlərlə satılır. Təkcə cari ilin 9 ayında 5700 kənd təsərrüfatı texnikası alınıb, fermerlərin işi yüngülləşib, məhsuldarlıq çoxalıb. Digər tərəfdən, məhsul bolluğuna nail olmaq üçün meliorativ tədbirlər görülür. Əkin sahələrinin keyfiyyətli su ilə təmin edilməsi də məhsuldarlığı stimullaşdıran əsas amillərdən biridir. Aqrar sektorun inkişafında iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində görülən işlər də nəticəsiz qalmır. Belə ki, ən yüksək məhsuldarlıq belə təsərrüfatlarda əldə edilir. Məsələn, taxılçılıq sahəsində iri fermer təsərrüfatlarında hər hektardan 50 sentner məhsul götürüldüyü halda, kiçik fermer təsərrüfatlarında bu rəqəm 30 sentnerdir. Cari ildə 3 milyon ton taxılın tədarük edilməsində iri fermer təsərrüfatlarının da rolu böyükdür.

Ölkəmizdə müxtəlif istiqamətlər üzrə aqroparklar yaradılır. Hazırda 4 aqropark fəaliyyət göstərir, ümumilikdə 45 aqroparkın yaradılması nəzərdə tutulub. Fəaliyyət göstərən aqroparklarda məhsuldarlıq çox yüksəkdir. Xüsusilə tərəvəzçiliklə məşğul olan aqroparkların timsalında bunu söyləmək olar. Son 2 ildə pomidor istehsalının və ixracının dəfələrlə artması bunu sübut edir. Kənd təsərrüfatında mövcud olan ənənəvi sahələrin dirçəldilməsi də aqrar sektorda məhsul istehsalının artım dinamikasına müsbət təsir göstərir. Məsələn, pambıqçılığın inkişafı ilə bağlı qəbul edilən qərardan sonra 2016-cı ildə ölkədə 90 min ton, keçən il 207 min ton pambıq tədarük edilib. Cari ildə 250-260 min ton pambıq tədarük edilməsi nəzərdə tutulub. Pambıqçılığın inkişafı təkcə iqtisadi nəticələrlə məhdudlaşmır. Bu, həm də sosial məsələlərin həllinə imkan yaradır. Belə ki, pambıqçılığın inkişafı istiqamətində görülən işlər sayəsində 190 mindən çox insan bu sahədə çalışaraq məşğulluğunu təmin edir. Eyni zamanda, bol məhsul pambıqçılara yaxşı gəlir əldə etməyə imkan yaradır. Beləliklə, ölkəmizin geniş bir coğrafiyasında məhsul istehsalı artır və üstəlik, həmin bölgədə yaşayan insanlar yüksək gəlir əldə etməklə öz güzəranlarını yaxşılaşdırırlar.

Sovetlər dönəmində Azərbaycanda üzümçülük geniş yayılmışdı. Ötən əsrin 80-ci illərinin ikinci yarısında üzüm bağlarının məhv edilməsi nəticəsində bu növ məhsulun istehsalı da aşağı düşmüşdü. Üzümçülüyün yenidən bərpası məhsul istehsalı ilə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsində də əhəmiyyətli rol oynayır. Üzümçülük gəlirli sahədir, yetişdirilən məhsulun alıcıları çoxdur. İstər ölkə daxilində, istərsə də xarici bazara məhsul çıxarmaq mümkündür. Digər tərəfdən, şərabçılıqda xammal kimi üzümdən istifadə edilir.

Baramaçılığın bərpası da bu sahədə məhsul istehsalının yüksək templə artmasına imkan yaradır. 2015-ci ildə cəmi 236 kiloqram məhsul istehsal olunduğu halda bu il 500 tondan çox barama tədarük edilib. Barama istehsalı yüksək gəlirli sahədir. Bu məhsulu yetişdirmə müddəti 30-40 gündür. Onun istehsalı bölgədə yaşayan insanların məşğulluğunun təminatında önəmli rol oynayır. Əgər 2016-cı ildə bu işlə 3 min, 2017-ci ildə 10 min insan məşğul olurdusa, cari ildə onların sayı 22 minə çatıb. Üstəlik, məhsul emal edən Şəki İpək Kombinatında da çalışanların sayı artıb. Başlıcası isə, Azərbaycan ipəyinin daxili tələbatı ödənilməklə xarici bazara çıxarılmasına da imkan yaranıb.

Ölkəmizin meyvə yetişdirmək potensialı da yüksəkdir. Müxtəlif növ meyvələrin istehsalının bərpası müsbət nəticəsini xurma istehsalında özünü daha çox göstərir. Bunun sayəsində xurma ixracı 2 dəfə artıb. Həmçinin, yeni nar bağları salınır. Yaxın illərdə narın ixracında da belə yüksək nailiyyətlərin əldə olunmasına imkan yaranacaq. Meyvə ixracında fındığın özünəməxsus yeri var. Bu məhsula dünya bazarında tələbat böyükdür. Həmçinin, tez xarab olmadığı üçün onun saxlanması da asandır. Yeni bağların salınması sayəsində fındıq plantasiyalarının ərazisi hazırda 70 min hektardır, hədəf kimi isə bu rəqəmi 83 min hektara çatdırmaqdır.

Göründüyü kimi, Azərbaycanda aqrar sektoru sürətlə inkişaf edir və bunu cəmiyyətimiz gündəlik həyatında da hiss edir. İnkişafın bu templərlə getməsi insanlarda əminlik yaradır ki, kənd təsərrüfatının tərəqqisi və artımı daha da yüksələcək.

“Səs” Analitik Qrupu

Digər xəbərlər