Senator: Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Rəsmi Parisi Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin, eləcə də Fransanın yüksək vəzifəli şəxslərinin və deputatlarının Dağlıq Qarabağa səfərlərinin qarşısını almağa çağırmaq lazımdır.

Bunu Trend-ə açıqlamasında Fransa Senatının Xarici işlər komitəsinin sədr müavini, senator Natali Qule Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri”nin Fransaya qanunsuz səfərinə dair açıqlamasında bildirib.
N.Qule deyib ki, Fransa Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi tanımır: "Hesab edirəm ki, Fransanı beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə və Dağlıq Qarabağdan ölkəyə səfərlərin qarşısını almağa çağırmaq lazımdır".
Senator əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, Fransa çox ehtiyatlı olmalıdır.
N.Qulenin fikrincə, Parisin Bakıya ədalətsiz münasibəti Fransada güclü erməni lobbisinin olması ilə bağlıdır.
Senat rəsmisi onu da əlavə edib ki, Fransa Prezidentinin Bakıya səfərinin ləğv edilməsi balanslaşdırılmamış qərardır: "Çox təəssüf edirəm, amma mən Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa ilə əməkdaşlığı nəzərdən keçirmək qərarı ilə razıyam. Azərbaycan dəfələrlə Fransaya öz sadiqliyini sübut edib. Qarşılıq vermək vaxtı çatıb".
Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri”nin Fransaya səfərinə dair bəyanat yayıb. Bəyanatda bildirilir ki, Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir.
Bəyanatda qeyd edilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir: "Bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış sazişlərin dilinə uyğun davranmır, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir".

yap.org.az