"Paşinyan Rusiya üçün təhdid amilinə çevrilməkdədir" ÖZƏL-RƏY

“İrana qarşı ABŞ sanksiyalarının yenidən bərpası regionda rəsmi Tehranla əlaqəsi daha mütəşəkkil olan ölkələrə mənfi təsir göstərəcək. Bu fikir erməni ekspert Karen Veranyana məxsusdur. Məlum olduğu kimi, Azərbaycan tərəfindən blokadaya alınmış Ermənistan sosial-iqtisadi böhran içindədir və İranla ticarət əlaqələrinin kəsilməsi həmin böhranı daha da dərinləşdirəcək. Bu gerçəkliyi nəzərə alan Veranyanın fikrincə, Ermənistanı sanksiyalar qarşılığında böyük iqtisadi təhlükələr gözləyir: “Bu, ilk növbədə, mühəndislik və informasiya texnologiyaları sahəsi üzrə işləyən şirkətlər üçün narahatlıq yaradacaq. İkincisi isə əlbəttə ki, daha çox vacib olan qaz və neft bazarına təsir göstərəcək”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.Onun sözlərinə görə, Ermənistanın yerləşdiyi coğrafiya, o cümlədən dünya okeanına çıxışının olmaması və ciddi təbii resurslardan məhrum olması ona çətinlik yaradacaq: “Ermənistanın enerji ehtiyacının 40 faizini ödəyən Metsamor AES köhnəlib. Nəticədə Ermənistanın İran və Rusiyadan enerji asılılığı daha da artıb. ABŞ-ın İrana qarşı sanksiyaları regionda və Ermənistanda təhlükəsizlik və sabitliyi poza, İranla Ermənistan arasındakı ticarət dövriyyəsini kəskin şəkildə azalda bilər. Çünki sanksiyalar təkcə İranın dövlət şirkətlərinə yox, hətta İranın öz ərazisindən kənarda fəaliyyət göstərən özəl şirkətlərinə, o cümlədən onlarla əməkdaşlıq edənlərə də tətbiq olunacaq. Bu baxımdan, “Mehri” Azad İqtisadi Zonasında İran şirkətləri ilə birgə iş görmək istəyənləri də təhlükə gözləyir. Bütün bu kimi faktorlar potensial investorları Ermənistana sərmayə yatırmaqdan çəkindirəcək. Onlar öz bizneslərini riskə atmaq istəməyəcəklər. Nəticədə Ermənistan daha ciddi iqtisadi problemlərlə üzləşə bilər.İrandan ciddi enerji asılılığı olan Ermənistanın rəsmi Moskva tərəfindən qazın bahalaşdırılması ilə qarşı-qarşıya qalması əməlli başlı ermənilər üçün problem yaradıb. Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya üçün təhdid amilinə çevrilməkdədir. Paşinyan hakimiyyətə gəldiyi gündən Rusiya ilə münasibətlərin yaxşı olduğunu və bundan sonra yüksələn xətt üzrə inkişaf edəcəyini bəyan etsə də, V.Putinin Paşinyana etimadının olmadığı açıq-aydın hiss olunur. Tərəflər bunu gizlətməyə çalışsalar da, ictimaiyyətin gözündən yayındırmaq mümkün deyil. Bundan başqa Türkiyə ilə sərhədlərin bağlanması və diplomatik əlaqələrin yoxluğu, Gürcüstan sərhəddi ilə yükdaşımaların çox məhdud səviyyədə olması Ermənistanı regionda iqtisadi cəhətdən daha da təcrid olunmuş vəziyyətə salır. Artıq elə bir durum yaranıb ki, Ermənistan hər tərəfdən blokadaya alınıb.Bir tərəfdən də Vaşinqton ilə də münasibətlərdə anlaşmazlıqlar yaşamaqdadır. Məsələ ondan ibarətdir ki, ABŞ-da Azərbaycana yardıma qadağa qoyan “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı təkliflərin gündəmə gəlməsi Ermənistan hakimiyyətində ciddi narahatlıq yaradıb. Bu qətnamə aradan qalxsa və ABŞ silah satmağa başlasa, bu Ermənistanın marağına uyğun olmayacaq. Doğrudur, ABŞ münaqişənin hər iki tərəfinə, yəni Azərbaycana və Ermənistana silah satmalı olacaq. Çünki tərəflərdən birinə silah satmaq qətnamənin pozulması deməkdir. Lakin burada hansı ökənin nə qədər silah ala bilmək potensialı əsas rol oynayır. Azərbaycanın daha çox silah almaq imkanı var. Digər tərəfdən, mövcud potensiala görə, Azərbaycanın alacağı hər silah ordumuzun gücünü daha da artıracaq. Bütün ermənilər bilirlər ki, Donald Tramp onları görmək belə istəmir. Çünki ABŞ-dakı erməni lobbisi prezident seçkilərində gizli şəkildə Hillari Klintona həm maddi, həm də mənəvi dəstək veriblər. Digər tərəfdən, ABŞ-da erməni diasporunun ən böyük təşkilatı olan “Ay Data”nın rəhbəri Aram Qambaryan bir neçə gün əvvəl Tramp Administrasiyasının 907-ci düzəlişi indi ləğv etmək istədiyini deyib.Onun sözlərinə görə, Tramp Administrasiyası bu qətnaməni ləğv etməyi bacarmasa belə, onu donduracaq. Ancaq hər iki hal Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistan üçün ağır nəticələrə aparıb çıxara bilər. Təcavüz müəlliflərini qorxudan bir fakt odur ki, Azərbaycan güclü iqtisadi və hərbi potensiala malikdir. Azərbaycan bütün sahələrdə kasıb Ermənistanı dəfələrlə üstələyir”.

sia.az