Siyasət

  • 4 058

Hikmət Babaoğlu: Fransa Bako Saakyanın qeyri-qanuni səfərinə göz yummaqla, terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini və beynəlxalq hüququ gözdən salır

image

“Fransa Bako Saakyanın qeyri-qanuni səfərinə göz yummaqla ikili standartlara yol verir, terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini və beynəlxalq hüququ gözdən salır”. Bu fikri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyanın Fransaya səfəri həmin ölkənin qanunlarına və beynəlxalq hüquqa ziddir. Beynəlxalq hüquqda da, hər bir ölkənin milli qanunvericiliyində də bir terrorçunun sərbəst hərəkət etməsi, üstəlik rəsmi şəxs kimi görüşlər keçirməsi cinayət və terrorizmin təbliği kimi qiymətləndirilir. Ona görə də rəsmi Paris Bako Saakyanın bu hərəkətlərinə göz yummaqla ikili standartlara yol verir, bununla da gələcəkdə elə Fransanın özünün də əziyyət çəkə biləcəyi etnik separatizmə təşviq etmiş olur.
Deputat vurğulayıb ki, Fransa hökuməti Korsikada separatçılığa qarşı kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur. O zaman gələcəkdə Korsikadakı separatizm kimlərsə tərəfindən dəstəklənəcəksə, Fransa günahı elə özünün yanlış siyasətində görməlidir. Ümumiyyətlə, təəssüf edilməli haldır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan bu ölkə artıq xeyli zamandır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində tərəfsizliyini itirib. Fransa Prezidenti Emmanuel Makron Frankofoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üçgünlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana gəlmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi. Ancaq Fransa nəinki obyektiv və balanslı siyasət həyata keçirir, tam əksinə, çox açıq şəkildə postsovet məkanındakı münaqişələrə münasibətdə ikili standartlara yol verir. Məsələn, Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir. Ancaq Bako Saakyan kimi terrorçu bu Avropa ölkəsində sərbəst şəkildə görüşlər keçirir, ianələr toplayır. Bu, yolverilməzdir. Bütün bunlar azmış kimi, Fransanın bəzi şəhərləri Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarındakı bir sıra subyektlərlə qardaşlaşma haqqında saziş imzalayır. Azərbaycan tərəfinin beynəlxalq hüquqa söykənən etirazlarına isə sadəcə olaraq, “Dağlıq Qarabağ adlı bir qurumu rəsmən tanımırıq” kimi quru diplomatik ifadələrlə cavab verilir. Əslində bütün bu hərəkətlər Fransanın Ermənistanın işğalçılıq siyasətini və etnik separatizmi pərdəarxası dəstəkləməsi kimi qiymətləndirilməlidir.
Deputat qeyd edib ki, tərəfsizliyini itirdiyinə görə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır. Lazım gələrsə, ikitərəfli münasibətlərlə bağlı digər məsələlər də nəzərdən keçirilməlidir. Əks təqdirdə, bu cür gizli dəstəklər gələcəkdə də açıq müstəviyə keçməklə olduqca mənfi presedent yarada bilər. Bu da nəinki Azərbaycanda, İspaniyada, Belçikada, İsveçrədə, Almaniyada və digər Avropa ölkələrində etnik separatçılığın yenidən güclənməsinə gətirib çıxara bilər. Bu isə bütün dünyada yeni çaxnaşmanın yaranması deməkdir. Bu səbəbdən Avropa İttifaqına üzv olan dövlətlər də daxil olmaqla, beynəlxalq təşkilatlar Fransanın belə qərəzli mövqeyinə qiymət verməlidirlər. Fransa unutmamalıdır ki, həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı ilə tərəfdaşlıq memorandumu çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmət etməyə borcludur.

yap.org.az

Digər xəbərlər