“Müxalifətçilər media üzərindən sağa-sola paylaşımlar edirlər" ÖZƏL-RƏY

“Ümumiyyətlə Azərbaycan bir hüquq dövlətidir. Təbiidir ki, burada hər bir hərəkət qanun çərçivəsində tənzimlənib. O cümlədən də insanların özünü ifadə etməsi üçün qanunlar imkan yaradır və şərait mövcuddur”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, hər bir vətəndaş, siyasi qüvvə hər hansı addımı atmazdan öncə yəni özünü ifadə etmək üçün istər kütləvi tədbirlər formasında, istərsə də başqa formada mütləq qanunlar çərçivəsində davranmalıdır: “Amma təəssüflər olsun ki, bu adamlar Azərbaycan Respublikasının Konstitusiyası, eyni zamanda “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna məhəl qoymayaraq özbaşına, heç kimə xəbərdarlıq etmədən kütləvi tədbir keçirməyə cəhd göstəriblər. Mən müxalifətin aksiyası zamanı o videogörüntlərə də baxdım. Sadəcə olaraq birdən-birə kütləvi şəkildə toplaşıb yürüş və ardınca da hansısa aksiya keçirməyə cəhd göstəriblər. Orada onu da müşahidə edirik ki, Azərbaycan polisi bunlara çox nəzakətli bir şəkildə müraciət edib və aksiyanın qanunsuz olduğu haqqında xəbərdarlıq edib, dağılışmalarını istəyib. Amma təəssüflər olsun ki, bu adamlar həmin çağırışlara məhəl qoymayıblar və yenə də qanunun tələblərinə zidd hərəkət edərək müqavimət göstəriblər. Nəticədə də 52 nəfərin saxlanılması baş verib. Yəni bütün bunlar qanun çərçivəsində baş verib. Təbiidir ki, o etiraz edənlər, bundan narazı qalanlar hər hansı formada arqument tapıb nəsə deyə bilməzlər.Təəssüflər olsun ki, o adamlar mən müşahidə edirəm ki, neçə gündür artıq sosial media üzərindən sağa-sola paylaşımlar edirlər. Dünyanı inandırmağa çalışırlar ki, Azərbaycan hakimiyyəti insanların sərbəst toplaşmasına maneçilik törədib və onları cəzalandırıb və s. Biz əlbəttə ki, bu cür aksiyaların niyə məhz belə keçirilməsini də bilirik. Bunun əsas səbəbi ondan ibarətdir ki, onlara qanun çərçivəsində aksiya keçirilməyə şərait yaradılanda həmin aksiyalara sadəcə olaraq insanlar maraq göstərmir. Maraq göstərmədiyinə görə də bunlar da ictimai rəylə manipulyasiya edə bilmirlər. Təbii ki, manipulyasiya edə bilməyəndə də öz istəklərinə çata bilmirlər. Bax ona görə də ara-sıra bu cür qanunsuz aksiyalara müraciət edirlər ki, bu və ya digər şəkildə gündəmdə qalsınlar, guya siyasi fəaliyyətlə məşğul olduqlarını sübut etsinlər, eyni zamanda da öz beynəlxalq təşkilatlardakı ağalarına məlumat versinlər ki, biz siyasi fəaliyyət göstərmək istəyirik amma bizə əngəl törədirlər”.

sia.az