Siyasət

  • 4 581

“YAP-ın yaranması müstəqil Azərbaycanın tarixində müstəsna hadisədir" ÖZƏL-ŞƏRH

image

“Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycanın tarixində müstəsna hadisədir. Bütövlükdə xalqımızın tarixi taleyində olduqca böyük rolu olan hadisədir. Azərbaycan öz müstəqilliyini 1991-ci ilin oktyabrında əldə etsə də çox təəssüf ki, müstəqilliyin ilk illəri çox ağır keçdi və biz istədiyimiz müstəqil dövləti qura bilmədik”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.Deputatın sözlərinə görə, həm o dövrdə ölkə rəhbərliyində olan şəxslər, həm də hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün səriştəsizlikləri, siyasi təcrübələrinin olmaması və digər böyük iddialarının düz gəlməməsi səbəbindən ölkədə nəinki dövlət qurmaq prosesi, hətta dövləti dağıtmaq kimi proses getməyə başladı: “Beləcə torpaqlarımızın işğal olunması prosesi getdi. Belə bir halda xalq öz xilasını Ümummilli Lider Heydər Əliyevdə görürdü. Ulu Öndərin müstəqillik dönəmindən öncəki fəaliyyəti xalqın çox yaxşı yadında idi və bu ağır vəziyyətdən ölkəni Heydər Əliyevin çıxaracağına xalq inanırdı. Buna görə də 1993-cü ilin 16 oktyabrında bir qrup Azərbaycan ziyalısının “Səs” qəzeti vasitəsilə Ümummilli Lider Heydər Əliyevə müraciəti dərc olundu. Bu müraciətdə Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi və öz partiyasının yaratması, ziyalıları, xalqı öz ətrafına toplayaraq Azərbaycanı bu ağır vəziyyətdən çıxarması xahiş olunurdu. Təxminən bir həftə sonra 24 oktyabrda “Səs” qəzetində Ulu Öndərin cavabı dərc olundu və bundan sonra isə noyabrın 21-də Naxçıvan MR-da 500-dən çox Azərbaycanın müxtəlif bölgələrini təmsil edən nümayəndələrin iştirakı ilə Yeni Azərbaycan Partiyasının Təsis Konfransı keçirildi. YAP bəlkə də dünya tarixində ən nadir siyasi partiyalardandır ki, yarandığından qısa müddət ərzində onun Lideri xalq tərəfindən hakimiyyətə dəvət olunur və partiya qısa müddət ərzində müxalifət partiyasından iqtidar partiyasına çevrilir. YAP yarananda müxalifət partiyası kimi yarandı amma heç bir zaman dövlətçiliyə, Azərbaycanın müstəqilliyinə, milli maraqlarına müxalifətdə dayanmadı. Beləcə hakimiyyətə gəlmək planlarını da öz proqram və nizamnaməsində açıq şəkildə ortaya qoydu ki, biz ancaq demokratik seçki, hüquqi yolla hakimiyyətə gələcəyik.Nəhayət 1995-ci ildə Milli Məclisə keçirilən seçkilərdə YAP böyük üstünlüklə qələbə çaldı və iqtidar partiyasına çevrildi. Həmin dövrdən ötən müddət ərzində Azərbaycan misli görünməmiş bir inkişaf yolu keçdi. 2003-cü ildən sonra isə Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, YAP-ın Sədri cənab İlham Əliyev bu yolu çox uğurla davam etdirdi. Beləcə Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrildi. Ölkədəki 90-cı illərin əvvəllərindəki hərc-mərclik, iqtisadi tənəzzül tamamilə aradan qaldırıldı və Azərbaycan bütün parametrlər üzrə gücləndi və qüdrətli bir dövlətə çevrildi”.

sia.az

Digər xəbərlər