Yaşar Aydəmirov: Azərbaycanın hərbi potensialının artması Ermənistanın hərbi-siyasi rejimini təşvişə salıb

Son zamanlar Ermənistanda antirusiya ab-havasının yenidən hökm sürdüyü bir vaxtda Azərbaycanın müasir silah və hərbi texnika almaqla hərbi potensialını davamlı şəkildə artırması, həmçinin ən yeni texnologiyaların tətbiqi ilə keçirdiyi hərbi təlimlərdə ordusunun döyüş qabiliyyətini yüksəltməsi bir çox dost ölkələri sevindirsə də, Ermənistanın hərbi-siyasi rejiminin əməlli-başlı təşvişə düşməsinə və narahatlığının daha da artmasına səbəb olub.
Bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov yeni yaradılmış “Lazarev klubu”nun Rusiyanın və Ermənistanın siyasi dairələrinin nümayəndələrinin iştirakı ilə İrəvanda keçirilən ilk iclasındakı çıxışlar zamanı səsləndirilən fikirləri şərh edərkən bildirib.
“İclasda diqqəti cəlb edən çıxışlardan biri də MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyevin çıxışı olub. O, Azərbaycanın hərbi gücünün istər kəmiyyət, istərsə də keyfiyyət baxımından Ermənistandan daha üstün olduğunu qeyd edib. V.Yevseyev məhz Rusiyanın Ermənistana verdiyi “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin bu ölkəni Azərbaycanın təhdidlərindən qoruduğunu xüsusilə diqqətə çatdırıb.
Ehtiyatda olan podpolkovnik V.Yevseyev bilməlidir ki, Rusiyanın Ermənistanda yerləşdirdiyi “İsgəndər” əməliyyat-taktiki raket kompleksləri istər dəqiqlik, istərsə də dağıdıcı qüvvə baxımından Azərbaycanın Belarusdan aldığı “Polonez” yaylım atəşli reaktiv sistemlərinə bütün parametrlərdə uduzur. Bütövlükdə isə “İsgəndər” əməliyyat-taktiki raket kompleksləri köhnə olmaqla yanaşı, həm də onun hədəfin vurulmasında yüksək dəqiqlik nümayiş etdirə bilməyəcəyi ehtimalları bu silahın müasir döyüş əməliyyatlarında tətbiqini bu günədək əngəlləyir. Təbii ki, külüng və beldən başqa bir şey görməyən keçmiş hərbçi Yevseyev bunu bilməz. Əgər Ermənistan rəhbərliyi unudubsa, onlara xatırlatmaq istərdim ki, “Polonez” və “Lora”lar Azərbaycan Ordusunun üstünlüyünü təsdiq etməklə düşmən ölkənin ərazisində olan bütün hərbi və strateji obyektləri məhv etməyə qadirdir”, - deyə Y.Aydəmirov bildirib.

yap.org.az