"Erməni mediası Azərbaycanın atdığı hər addımı diqqətlə izləyir" ÖZƏL-RƏY

“Ermənistan KİV-də Azərbaycanın öz hərbi potensialını artırması ilə bağlı ən kiçik informasiya da gözdən qaçırılmır. Erməni mediasının nümayəndələri Azərbaycanın hərbi gücünü artırmaq yolunda atdığı hər addımı diqqətlə izləyirlər. Demək olar ki, erməni mediasında hər gün bununla bağlı məqamların öz əksini tapdığı yazılar geniş işıqlandırılır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda başlayacağı mümkün müharibə ehtimalına görə Ermənistan daim təşviş içərisindədir. Təcavüzkar ölkənin “news.am”, “lragir”, “razm.info”, “tert, “1in.am” kimi tanınmış saytları bu təşvişi əks etdirən yazıları dərc edirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.Onun sözlərinə görə, “Tert” saytında işıq üzü görən yazıda müəllif Azərbaycanın son hərbi uğurlarına və Milli Ordumuzun silahlandırmasına diqqəti çəkərək Fransanın ölkəmizə silah satacağı ilə bağlı qorxu dolu ehtimallarını dilə gətirib: “Həmin yazıda qeyd olunur ki, “Fransanın “MBDA Systems” şirkəti ilə Azərbaycan arasında ASTER 30 SAMP/T və “VL Mica” hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair görüşmələrin yaxın zamanlarda yekunlaşması gözlənilir. Tərəflər arasında fikir yaxınlığının olduğunu ifadə edən şirkət nümayəndələrinin sözlərinə görə, müzakirələr 2014-cü ildən davam edir. Lakin ötən dövrdə neftin qiymətinin düşməsi və maliyyə problemlərindən dolayı prosesdə müəyyən ləngimələr yaşanıb. Şirkətin nümayəndələri deyirlər ki, Azərbaycan tərəfi bu komplekslərin imkanları ilə tanış olub və məmnundur: “Fransa dövlətindən ixracat üçün icazə almışıq. Bu sistemin Azərbaycanın hava hücumlarından müdafiəsini ən mükəmməl şəkildə təmin edəcəyini düşünürük”. Yerüstü bazalaşdırılan ASTER 30 SAMP/T kompleksi 120 km-ə qədər məsafədə hədəfləri zərərsizləşdirə bilir. Hər iki kompleks yaxın və uzaq mənzilli raketlərdən istifadə edir və yüksək sürətli hədəfləri vurma şansı 96-98 faizdir”. Müəllif yazısında hiddət dolu qısqanclıqla qeyd edib.Bəli, Azərbaycan hökuməti dünyanın ən güclü dövlətləri ilə siyasi, hərbi əməkdaşlığını ən yüksək səviyəyə çatdırmaq üçün durmadan fəaliyyət göstərir. Rusiya, ABŞ, İsrail, İtaliya, Pakistan, Belarus kimi Azərbaycana silah ixrac edən ölkələr sırasına yaxınlarda Fransa da qoşulacaq. Bu isə o deməkdir ki, mümkün müharibə variantında Azərbaycanın hərbi gücü qarşısında Ermənistan heç döyüşlərə qatılmasa yaxşıdır. Çünki işğalçı ölkənin məğlubiyyəti bəri başdan məlumdur. Azərbaycan durmadan öz hərbi potensialını artırır. Bəs bu müddətdə Ermənistan nə işlə məşğuldur? Boş demaqogiya ilə. Erməni ictimaiyyəti səfil vəziyyətdə yaşayır, ölkədə işsizlik və aclıq ən son həddə çatıb, əvəzində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın xanımı əziyyət çəkməsin deyə 100 kilometrlik məsafəni vertolyotlarda gəzir. N.Paşinyan ölkədəki problemləri həll etmək barəsində ağız dolusu bəh-bəhlə danışır, ancaq ortada heç bir konkret nəticə yoxdur. İndidən özlərinin rahatlığını ən yüksək səviyyədə fikirləşən Paşinyanlar ailəsinin hakimiyyətə yiyələndikdən sonra özlərinə hansı lüksü rəva görəcəkləri və öz korrupsioner sələflərinin yolunu davam etdirəcəkləri göz qarşısındadır. Azərbaycan bu gün xarici siyasət kursunda heç vaxt olmadığı qədər böyük uğurlara imza atır, Ermənistan isə hələ də parlamentli, yoxsa prezidentli respublika olmaq kimi dilemmaları qəti şəkildə həll edib qurtara bilməyib. Bundan əvvəl Ermənistan hərbi xunta rejiminin zülmündən əziyyət çəkirdi, indi isə digər bir naşı siyasətçinin düşüncəsiz hərəkətləri və infantil ərköyünlüyünün qurbanı olmaqda davam edir. Paşinyan sanki məqsədli şəkildə Ermənistanın xarici aləmə çıxan yollarını bir-bir bağlayır. Bununla müqayisədə Azərbaycana baxaq. Azərbaycan dünyanın ən güclü dövlətləri ilə müttəfiqlik səviyyəsində münasibətlər qurur. Ermənistan rəhbərliyi boş-boş danışır, Azərbaycan isə əməli işlərlə öz real hərbi gücünü və beynəlxalq arenada mövqeyini möhkəmləndirir.Həmçinin mümkün Pakistan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsi məsələsinə də biganə qala bilmərik. Üçtərəfli təlimlərin keçirilməsi fikri işğalçı ölkəni dərindən narahat edir.Bütün bu faktların işğalçı ölkənin mətbuatında da prioritet mövzu olması bir daha onu göstərir ki, Azərbaycanın hərbi potensialını artırması, mümkün müharibə ehtimalı bu gün Ermənistanı ciddi narahat edir və çox qorxudur. Bu qorxunun yeganə çarəsi isə Ermənistanın ən qısa müddətdə Azərbaycanın işğal altında saxladığı torpaqlarını boşaltmasıdır”.

sia.az