“G-20 sammitində 2019-cu ilin fəaliyyət proqramının konturları çəkildi" ÖZƏL-ŞƏRH

“G-20 sammitində imzalanmış deklorasiya və protokollar əvvəlcədən hazırlanmış plan üzrə aparıldı. Dünyanın ən qüdrətli iqtisadi və siyasi gücə malik 20 dövləti 2019-cu il üçün fəaliyyət proqramının konturlarını çəkdilər. Bu sammitdə diqqəti çəkən bir neçə məqam oldu. Bu hadisələr Rusiya prezidenti və Səudiyyə Ərəbistanı şahzadəsi ətrafında baş verdi. ABŞ prezidenti Donald Tramp Səudiyyə şahzadəsi Məhəmməd Bin Salman və Putinlə əvvəlcədən planlaşdırılmış görüşü ləğv etməsi bir qədər gərginlik yaratsa da, ümumilikdə sammitin işində problemlər yaşanmadı”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, həm Səudiyyə Ərəbistanı, həm də Rusiya təmsilçiləri özlərini sındırmamağa çalışsalar da beynəlxalq təpkinin təzyiqini üzərilərində hiss etdilər: “Putin bir neçə ikitərəfli görüşlər keçirərək gərginliyi bir qədər azaltmağa çalışdı. Yaponiya baş naziri və Türkiyə prezidenti ilə görüşlər xüsusi əhəmiyyət daşımasa da Putin pərtliyini sığortalamağa çalışdı. Bununla yanaşı ona qarşı olan soyuq münasibət Rusiyanın Ukraynaya qarşı təcavüzü davam etdirməsi oldu. Sammitdə Vladimir Putin Ukraynanı təhdid edən bəyanatla çıxış etdi. O Ukrayna hakimiyyətini yaranmış konfliktdə günahkar bilərək bildirdi ki, bu iqtidar hakimiyyətdə qaldığı müddətdə Rusiya Ukraynaya qarşı siyasətlərini dəyişməyəcəklər. Bu da dolayısı yolla Krımı və Ukraynanın şərqini işğalda saxlayacaqları barədə beynəlxalq ictimaiyyətə xəbərdarlıq mesajı idi. Əslində Putinin qeyri-peşəkar siyasətçi kimi "kovboysayağı" bəyanatı başadüşüləndir. ”Rus sosializmi” çökdükdən sonra Şərqi Avropa ölkələri böyük sıçrayılşla inkişafa doğru getsələr də Rusiya bu şansı əldən qaçırdı. Sovet zamanı az da olsa inkişaf edən sənaye tamamilə darmadağın edildi. ”Müstəqilliyin ilk illərində Boris Yeltsin müəyyən cəhdlər etsə də sərxoş həyat tərzi və sonradan ağır xəstəlik bu planları puça çıxartdı. Putinin Rusiyada hakimiyyətə gəlişi Çeçenstanda qanlı müharibə ilə başladı. Çeçen xalqı tarixinin ən böyük faciəsi ilə üzləşdi. Onun aktiv siyasəti nəticəsində sələfləri tərəfindən yaradılmış süni separatçı dövlətlərin yaradılması prosesi başa çatdı. Hazırda Rusiya birmənalı olaraq bu separatçı rejimlərin yaradıcısı və qoruyucusu obrazında çıxış edir. Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada yaradılmış separatçı rejimlərə qarşı münasibətlər də fərqlidir. Gürcüstanda iki inzibati ərazini müstəqil dövlət kimi tanıyan Rusiya Ukraynanın incisi sayılan Krımı ilhaq edərək öz ərazsinizə qatdı və ölkənin şərqində separatçı hərbi rejim yaratdı.Dağlıq Qarabağla bağlı bir qədər ehtiyatlı davranan Putin "de-fakto" işğalı gerçəkləşdirən tərəf sayılsa da hüquqi cəhətdən işğal olunmuş əraziləri Azərbaycanın subyekti kimi tanımağa məhkumdur. Putinin Ukraynaya qarşı bu qədər sərt davranmasının səbəbləri əslində Avropa Birliyinin Ukraynanı üzv dövlətlər sırasına qatmaq ərəfəsində olmasıdır. Putin Avropanı təhdid edərək daha da irəliləyə biləcəyi mesajı əslində ukraynalıları qorxutmağa yönəlib. Lakin indiyə qədər baş verənlər və münasibətlərin kifayət qədər pozulması bu iki ölkənin yaxın zamanlarda birlikdə hərəkət etməyəcəyinə mübahisəsiz dəlilidir. Putin prezidentliyinin son dönəmini yaşayır. Bundan sonra o istəsə də bir daha Ruisya hakimiyyətinin başında dayana bilməycək. Diktatorların hakmiyyətdən getməsi ölkələri üçün böyük problemlər yaşatsa da bu qaçılmaz reallıqdır. Hər kəs Atatürk ola bilməz. Məhz onların uzun zaman sərt idarəçiliyindən sonra ölkələrində demokratik cəmiyyətlər quruldu”.

sia.az