Siyasət

  • 8 334

Azərbaycan diplomatiyasının Lissabon uğuru

image

Ulu Öndər Heydər Əliyevin tarixi çıxışı sammitin tarixinə yazılaraq, Azərbaycanın dünyaya ədalət çağırışı kimi qiymətləndirildi

ATƏT-in Lissabon sammitindən 22 il ötür. 1996-cı il dekabrın 3-də ATƏT-in Lissabon (Portuqaliya) sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub. Qeyd edək ki, bu sammitin yekun sənədində münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer almışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur. Lakin işğalçı Ermənistan konsensus prinsipindən sui-istifadə edərək, həmin maddəyə razılıq vermədi.

O zaman Ulu Öndərimiz Heydər Əliyev isə cavab addımı olaraq, bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirərək, dünyada analoqu olmayan qətiyyət və siyasi iradə nünayiş etdirdi. Məhz bu tarixi hadisə nəticəsində, kritik vəziyyətdən çıxış yolu kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatı şəklində qəbul edildi. Bu amil, Azərbaycanın xarici siyasət diplomatiyasının tarixi uğuru kimi bu gün də xatırlanmaqda və onunla qürur duyulmaqdadır.

Lissabon sammitinin

yekun sənədinə əlavədə, məhz Ulu Öndər Heydər Əliyevin təkidlə tələb

etdiyi prinsip öz

əksini tapdı

Tarixi həqiqət həm də budur ki, ATƏT bu və ya digər qətnamələrin qəbulunda konsensus prinsipi ilə hərəkət edir. Bu prinsiplərə görə, dövlətlərdən biri “yox” deyərsə, o sənəd heç bir halda qəbul edilmir. Məhz o zaman Ulu Öndər Heydər Əliyev çox böyük qətiyyət nümayiş etdirdi və ciddi-cəhdlə bütün diplomatik mexanizmlərdən istifadə edərək, o sənədin qəbul olunmasına nail oldu. Məsələ həm də ondadır ki, yekun sənədin 20-ci maddəsi ilə bağlı çox ciddi fikir ayrılıqları vardı. Ermənistan “veto” hüququndan istifadə edərək, çalışırdı ki, münaqişənin tənzimlənməsi ilə bağlı sənəddə Azərbaycanın ərazi bütövlüyünün təminatı məsələsi öz əksini tapmasın. Bu halda, Ümummilli Lider Heydər Əliyev qəti olaraq, bildirdi ki, Azərbaycan heç bir halda, Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcək.

Azərbaycanın dəyişməz və qətiyyətli mövqeyi var. Belə olan halda, ATƏT-in o vaxtkı sədri kompromis variant təklif etdi. Bu variant yekun sənədlərə əlavə bəyanatında öz əksini tapdı. Lissabon sammitinin yekun sənədinə əlavədə isə, məhz Dahi Öndər Heydər Əliyevin təkidlə tələb etdiyi prinsip öz əksini tapdı. Bu sənəddə Azərbaycanın ərazi bötövlüyünün təmin olunmasından, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qaytarılması məsələlərindən söhbət gedirdi.

Bu baxımdan, xüsusilə vurğulanır ki, bu uğura birbaşa Ümummilli Lider Heydər Əliyevin müstəsna fəaliyyəti və diplomatik məharəti sayəsində nail olundu.

Həmçinin, qeyd etmək mümkündür ki, bu gün Azərbaycanın xarici diplomatik uğurlarının təməlində, bilavasitə Heydər Əliyev siyasi ideologiyasının təməlləri dayanmaqdadır. Belə ki, ilk növbədə, sözügedən münaqişənin tənzimlənməsi ilə bağlı Azərbaycanın diplomatik üstünlüyü təmin edilib. Məsələn, aprel hadisələri də sübut etdi ki, Azərbnyacanın hərbi üstünlüyü də tam təmin edilib. Bu, eyni zamanda, belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycan artıq diplomatik və hərbi güclə öz sözünü deməyi bacaran güclü və müstəqil dövlətdir. Bütün bunların təməlində Lissabon Zirvə görüşündə əldə edilmiş diplomatik zəfərinin dayanır və bu zəfərdən doğan növbəti uğurların, qələbələrin reallığı sonrakı illərdə, daha dəqiq desək, 2003-cü ildən başlayaraq, məhz Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasəti ilə sübuta yetirilib.

Rəfiqə KAMALQIZI

Digər xəbərlər