Siyasət

  • 38 326

Ulu Öndər hər birimizin qəlbində əbədi yaşayır və yaşayacaq! - ANIM

image

Ulu Öndər Heydər Əliyev cismən aramızda olmasa da, Onun bizlərə qoyduğu əbədiyaşar ideyaları yaşayır və yaşadılır. Belə ki, Heydər Əliyev dühası hər bir inkişaf və tərəqqi faktorunda öz əbədi varlığını isbatlamaqdadır. Bu gün öz Vətənini, xalqını, dövlətini sevən hər bir Azərbaycan vətəndaşının qəlbinin guşəsində Heydər Əliyev abidəsi ucaldılıb və nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti varsa, Heydər Əliyev də yaşayacaq.Bu fikirlərlə Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının sədrləri, eləcə də partiyanın Qadınlar Şurasının sədrləri qəzetimizə öz ürək sözlərini bildiriblər.

YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev:
-Müasir və müstəqil Azərbaycan dövlətinin hazırkı inkişaf mərhələsinə çatmasında bir çox amillərin müstəsna rol oynaması sirr deyil. Lakin bu sırada şəxsiyyət-lider amili mühüm yer tutur. Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Həm keçmiş SSRİ, həm də müstəqillik dövründə Ulu Öndərimiz çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına yorulmadan, əzmlə və qətiyyətlə xidmət edib. Azərbaycan məhz Onun rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edilib.Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu haqqında bəhs edərkən Ulu Öndərimizin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır. Əvvəla qeyd etmək lazımdır ki, Onun hakimiyyətinin birinci dövrünü əhatə edən 1969-1982-ci illər illər ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində əldə edilən çoxsaylı nailiyyətlər respublikamız üçün tarixi əhəmiyyətə malikdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olmasından sonra bütün sahələrdə həyata keçirilən islahatlar respublikamızın inkişafını təmin etdi.Eyni zamanda, müstəqillik dövründə, daha dəqiq desək, ikinci dəfə əldə edilən müstəqilliyimizin itirilmə təhlükəsi yarandığı bir zamanda Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və yorulmaz fəaliyyəti, misilsiz xidmətləri sayəsində Azərbaycanın inkişafı təmin olundu, müasir və qüdrətli Azərbaycan inşa edildi.Xüsusi amillərdən biri də Yeni Azərbaycan Partiyasının Naxçıvanda təsis edilməsi və bu partiyanın qısa müddət ərzində xalqın dəstəyi ilə hakimiyyətə gəlməsidir. Bütün bu reallıqlar, bütün bu gerçəkliklər bu günün güclü, qüdrətli Azərbaycanımızın inkişafıdır.Məhz Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra sabitlik və təhlükəsizlik təmin edildi, bütün sahələrdə böhran və tənəzzülün qarşısı alındı, ölkə tərəqqi yoluna qədəm qoydu. Əbəs deyil ki, bugünkü müasir, müstəqil Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin şah əsəri olaraq dəyərləndirilməkdədir. Bu gün məhz Onun əbədi ideyaları ölkəmizin davamlı tərəqqisinə öz töhfələrini verməkdədir. Ölkə başçımız, partiyamızın Sədri cənab İlham Əliyev bu ideyaları Azərbaycan xalqı ilə birgə gerçəkləşdirir, həyata keçirir. Bu baxımdan, Ulu Öndər Heydər Əliyev ölməz və əbədiyaşar lider olaraq hər birimizin qəlbində yaşamaqdadır.Son olaraq, onu da qeyd etmək istərdim ki, bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə, ümummilli liderlikdən əlavə, həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata biliblər. Zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə də, məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olub. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçülmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.
YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova:
-Hər bir kəs ilk növbədə öz xalqı, vətəni ilə tanınır. Elə nadir insanlar da var ki, onlar mənsub olduğu xalqı, vətəni tanıdır, şöhrətləndirirlər. Belə insanlar seçilmiş şəxsiyyətlərdir və xüsusi missiyası olan liderlərdir. Ümummilli Liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunub. Gördüyü cahanşümul işlərin nəticəsidir ki, bu gün yüksək ehtiram hissi ilə Onun əziz xatirəsini yad edir. Ümummilli Liderin zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələrdə, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər keçirilir. Bu günlər hər birimiz Heydər Əldiyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq.Bu günün müasir və müstəqil Azərbaycanı Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Çünki çətin və məşəqqətli dövrlərdə yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı, amma şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan hakimiyyət hərisləri bütün gücləri ilə buna mane olur, silahlı dəstələr yaradırdılar. Məhz ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı anda Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Yalnız Ümimmilli Liderimiz ölkəmizin ərazi bütövlüyünü təmin edə bilər, xalqımızı müstəqilliyin azad inkişaf yoluna çıxara bilər. Heydər Əliyev xilaskarlıq missiyasından çıxış edərək, ikinci dəfə hakimiyyətə qayıtdı və qətiyyətlə, inamla bəyan etdi: «Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olcaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır».Ulu Öndərimiz həmçinin, Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsisçisi olaraq, tarixi faktorlara imza atdı. Xalqımız bu tarixi heç vaxt unutmayacaq və əbəs deyil ki, bu tarix qəlblərdə yaşayır, yaşadılır. Çünki ən çətin vəziyyətlərdə bu inam və xalqına arxalanmaq Heydər Əliyevə dözüm, iradə verib, bütün uğurlarını təmin edib. Elə “Xalq - Heydər, Heydər - Xalq” birliyi də belə yaranıb.
Ümummilli liderimizin bizə ərməğan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir.Bu gün Hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı başında milli öndər Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin davamçısı, partiyamızın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının Prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm göstəricilər əldə edəcəkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət bir daha sübut edir ki, ulu öndərin qətiyyətli səyləri nəticəsində müstəqilliyi tam təmin olunan dövlətimiz durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir. Biz bu gün ulu öndərimizi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycanın ümummilli lideri, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq, gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Memarı və qurucusu ümummilli liderimiz olan müstəqil dövlətimiz qarşısında hər bir vətəndaşın borcu Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaqdır.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev:
- Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil və müasir Azərbaycanın qurucusu olaraq adlandırılması bilavasitə Onun xalqımız üçün gördüyü nəhəng işlərə söykənən həqiqət, reallıqdır. Bizlər bu gün Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin parlaq nəticəsi olaraq Azərbaycanın davamlı inkişafının şahidlərinə çevrilməkdəyik. Ona görə də, qeyd etmək istərdim ki, Dahi Şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır və bundan sonra da uzun illər yaşadılacaqdır. Çünki O, bizim xilaskarımızdır. Elə bir xilaskarımız ki, əgər qətiyyəti, müdrikliyi və uzaqgörənliyi olmasa idi, bu günün müstəqil və inkişaf edən Azərbaycanı da olmazdı. Elə də uzaq olmayan tariximizi xatırlayarsaq, bir daha görərik ki, 1991-1992-ci illərdə siyasi hakimiyyətin səriştəsizliyi nəticəsində dövlətçiliyimizin və xalqımızın taleyi ciddi təhlükələrlə üz-üzə idi. Bir anlığa iyirminci əsrin 90-cı illərinə qısa ekskurs etsək biz, həmin hadisələri xatırlaya bilərik. Onda ölkə idarəolunmaz bir həddə çatmış, bütün sütunlar laxlamışdı. O illər ölkənin tarixində çox ağır bir dövr idi. Azərbaycanın iqtisadiyyatı dağıdılmış, dövlətlərarası münasibətləri tamam pozulmuşdu. Azərbaycan bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə dayanmışdı. Bunun səbəbi aydın idi. Siyasi səriştəsi olmayan insanlar ölkəni özlərinin maraq poliqonuna çevirmişdilər. Belə bir şəraitdə cəmiyyət siyasi hakimiyyətin dəyişməsini tələb edirdi. O zaman ölkənin bir qrup vətənpərvər ziyalısı Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini başa düşdü və bu təşəbbüslə çıxış etdi. Partiyanın təsis konfransı Naxçıvanda keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Ondan sonra siyasi hadisələrin necə cərəyan etdiyini, Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtması ilə ölkəni sürükləndiyi uçurumdan necə xilas etməsinin hamımız yaxşı bilirik. Çünki biz bu yaxın keçmişimizin canlı şahidləriyik. Məhz belə bir vaxtda xalq dahi şəxsiyyət Heydər Əliyevə inanaraq onu böyük etimadla ölkə Prezidenti seçdi. Məhz Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının başlaması ilə Azərbaycanımız üzləşdiyi bütün bəlalardan nicat tapdı və bu gün Onun qurub-yaratdığı müstəqil dövlətdə qürurla yaşayırıq. Bütövlükdə, müstəqillik dövründə Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət bu inkişafın əsasını qoydu və yeni, tarixi perspektivlər müəyyənləşdirdi. Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam və inkişaf etdirilir. Heydər Əliyev ideyaları bu gün müstəqil Azərbaycanın inkişafının, qələbəsinin əsasıdır, təntənəsidr. Biz bütün uğurlarımız üçün Ulu Öndərin müdrik siyasətinə, parlaq ideyalarına borcluyuq.
YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova
-Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsibaxımından Heydər Əliyev dühası bənzərsizdir. Bu dühanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri Ulu Öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Bu mərhələləri təhlil etməzdən əvvəl belə bir vacib aspekti önə çəkmək lazımdır ki, Azərbaycanın və bütün Türk dünyasının böyük oğlu Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxaraq zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlib. Milli-mənəvi irsimizin dəyərlərini özümüzə qaytarması, çoxəsrlik adət-ənənələrimizi yaşatması, azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olması Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran Heydər Əliyevin ən böyük xidmətlərindəndir.Qürür hissi ilə qeyd etmək istərdim ki, müstəqillik məfkurəsi və vətənpərvərlik düşüncəsi əsasında bütün fəaliyyətini Azərbaycan xalqının ali mənafeyinə həsr edən Ulu Öndər Heydər Əliyevin misilsiz, tarixi xidmətlərindən biri məhz ümumxalq partiyası olan YAP-ın yaradılması idi. Olduqca çətin və mürəkkəb şəraitdə Azərbaycan xalqının üstün və qabaqcıl potensialını səfərbər edərək, müstəqillik məfkurəsi əsasında fəaliyyət göstərən Ümummilli Liderimiz o zamankı hakimiyyətin və müəyyən qüvvələrin maneələri ilə üzləşsə də, bir addım belə geri çəkilmədi. Həmin dönəmdə hakim dairələrin törətdikləri süni maneələrə baxmayaraq, ölkə ziyalılarının təkidli çağırışları və xalqın etimadı sayəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının o dövrdə müxalifət partiyası olmasına baxmayaraq, qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.Bu gün Ulu Öndərimizin layiqli davamçısı, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev bütün varlığı və xarizması, qətiyyəti və müdrik siyasəti ilə Heydər Əliyev yolunu uğurla davam etdirməkdədir. “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyən cənab İlham Əliyev atdığı hər addımında bu vədinə sadiqliyini nümayiş etdirir.Bizlər Heydər Əliyevin fiziki yoxluğundan əziyyət çəksək də, Onun ideyalarının Azərbaycanda hakim olması bizə təskinlik verir. Bu gün ölkəmizdə onun yarımçıq qalmış arzularını xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı altında reallaşdırır. İndi Azərbaycanın haqq səsi dünyanın ən yüksək tribunalarından eşidilməkdədir. Biz buna Heydər Əliyev siyasi xəttinə sadiq qalmağımızla nail olmuşuq. Ölməzlik və əbədiyyət də məhz budur.

sia.az

Digər xəbərlər