"Hədəf Azərbaycan dövləti ilə bağlı xaricdə qara-qura dəhliz söhbətlərini qızışdırmaqdır" ŞƏRH-ÖZƏL

“Xaricdə Azərbaycana qarşı durmadan qaralayıcı fəaliyyət göstərən və artıq xalqın da antimilli şəbəkə kimi tanıdığı adamlar yeni kampaniyaya başlayıblar. Budəfəki kampaniyanı Mehman Hüseynov adlı bır dustaq gəncin üzərində qursalar da yenə cəmiyyət yaxşı anlayır ki, hədəf başqadır. Hədəf Azərbaycandakı vəziyyəti tam başqa görüntüdə bəlli beynəlxalq dairələrə çatdırmaq, bunun ətrafında hay-küy qoparmaq və özlərinin guya demokratiya uğrunda mübarizə aparanlar imicini dünyaya sırımaqdır”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.Ekspert bildirib ki, dünyadakı reaksiyaların təhlili göstərir ki, bu qurulmuş oyuna qoşulan az sayda beynəlxalq personalar elə ABŞ-da, Avropada ənənəvi tanıdığımız adamlardı.Onun sözlərinə görə, xaricdə bu qurama kampaniyaya yeni qoşulan simalara rast gəlinmir və bu da səbəbsiz deyil: “Məsələ burasındadır ki, Mehmanın işi ilə bağlı bir sıra informasiyaların yanlış olduğu üzə çıxıb. Məlum olub ki, Mehmanın jurnalist kimi təqdim olunmasının özündə məqsədyönlü yalan var. Həbsxanada isə aclıq keçirdiyi barədə xəbərlər həqiqətə uyğun gəlmir. Daxildəki və xaricdəki bəlli antimilli şəxslərin qurduqları kampaniyanın əsl hədəfi heç də Mehmanın azadlığına nail olmaq deyil. Bunun üçün daha yuxarı məhkəmə instansiyalarında yeni proses başlatmaq, hətta beynəlxalq hüquq dairələrinin nümayəndələrini məhkəmə proseslərinə cəlb etmək olardı. Ancaq hədəf başqa olduğu üçün üsullar da fərqli seçilir. Hədəf Azərbaycan dövləti ilə bağlı xaricdə qara-qura dəhliz söhbətlərini qızışdırmaq və sonra isə mümkün olsa bu istiqamətdə müəyyən rəsmi müzakirələrin açılmasına nail olmaqdır”.A. Quliyev söyləyib ki, ancaq göründüyü kimi beynəlxalq reaksiyalar ABŞ-dakı bir senatorun ağızucu bəyanatından və bir Amerika qəzetinin redaksiya məqaləsindən o yana getmədi: “Bu, səbəbsiz deyil. Əvvəla Mehmanın üzərində qurulan kampaniyanın aşkar feyk tərəfləri açılıb. İkinci, dünya görür ki, Azərbaycanda cəhd göstərilən bu kampaniyaya xalq qəti qoşulmur və dəstək vermir. Nəhayət, xaricdə anlayırlar ki, bu gün Azərbaycanla əlaqəli məsələləri zəif, hay-küyçu, 25 il əvvəlki davranışlardan irəli gedə bilməmiş müxalifətlə yox, ölkəni irəli aparan və real gücə çevrilmiş siyasi hakimiyyətlə müzakirə və həll etmək daha perspektivlidir ”.

sia.az