Siyasət

  • 4 188

Azərbaycanda aparılan sosial siyasətin mərkəzində insan amili dayanır

image

İlham Əliyev: “İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var”

Ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindəndir. İqtisadi sahədə həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini daha da gücləndirmək üçün möhkəm zəmin yaradıb. Azərbaycanda aparılan siyasətin mərkəzində, məhz insan amili dayanır və ölkə rəhbərliyinin sosial siyasətinin fəlsəfəsi bütün vətəndaşların sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Azərbaycanda həyata keçirilən sosial siyasət nəticəsində, müşahidə olunan uğurlu inkişaf, həyatımızın hər bir sahəsini əhatə etdiyi kimi, bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirib. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğurlu islahatlar əhalinin sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib.

Son illər səhiyyənin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxladığından, Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş səhiyyə müəssisələri əhalinin istifadəsinə verilib. Ölkənin maliyyə imkanlarının çoxalması və həyata keçirilən siyasi kurs dövlət büdcəsindən səhiyyəyə ayrılan maliyyə vəsaitinin artmasına imkan verir və Azərbaycan səhiyyəsində bir sıra işlərin keyfiyyətlə həyata keçirilməsinə şərait yaradır. Əgər 2003-cü ildə səhiyyəyə dövlət büdcəsindən ayrılan xərclər 55, 3 milyon manat idisə, 2017-ci ildə bu rəqəm 13,5 dəfə artaraq, 746,7 milyon manata çatdı. Bildiyimiz kimi, 2018-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 740,7 milyon manat vəsait ayrıldı və həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,5 faiz təşkil edirdi. 2019-cu il üçün isə səhiyyəyə rekord miqdarda - 1,048 milyard manat vəsait ayrılıb.

Səhiyyəyə ayrılan diqqətdən danışarkən, son 15 il ərizində, Bakı şəhərində və ölkənini regionlarında tikilən və yaxud əsaslı təmir olunan tibb müəssisələrini vurğulamaq da vacibdir. Bütün bunlar gələcəyin təminatı olan insan faktorunun daim diqqətdə olduğunu, onların fiziki cəhətdən sağlam və gümrahlığının diqqətdə saxlanıldığını göstərir. “İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var”, - deyən Azərbaycan Prezidenti İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan səhiyyəsi müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, inkişaf dövrünü yaşayır. Cənab İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, son 15 il ərzində, Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib: “Bu, bizim insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda, görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir”.

Bildiymiz kimi, ötən il Quba Mərkəzi Rayon Xəstəxanası, Naftalan Şəhər Xəstəxanısı və başqaları istifaydə verildi. Bu il dörd şəhər xəstəxanasının istifadəyə verilməsi nəzədə tutulub. “Beləliklə, Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın” - deyən Cənab Prezident, nəhayət, hər birimizin ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyimizi bildirib: “Bu, doğrudan da, böyük hadisədir. Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır. Biz bu imkanlardan istifadə edib, bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik”.

Bu gün uğurla həyata keçirilən “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”sı, “2016-2020-ci illər üçün şəkərli diabet üzrə Dövlət Proqramı”, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” və s. insan həyatı və sağlamlığına zərbə vura biləcək halların qarşısını alır. Bütün bunlar Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşamasının, ölkəmizin iqtisadi gücünün və siyasi sabitliyinin təzahürüdür. “İnsan sağlamlığını şərtləndirən bir çox amillər var. Onların arasında, ilk növbədə, sağlam həyat tərzidir” - deyən dövlət başçısı sağlam həyat tərzinin hər bir vətəndaş üçün əsas prinsip olduğunu qeyd edib: “Diaqnostika, əlbəttə ki, çox vacib rol oynayır. Bu gün ölkəmizdə mövcud olan laboratoriyalar bütün analizləri edə bilər. Vətəndaşlar hər il kütləvi şəkildə müayinədən keçirlər və beləliklə, ciddi xəstəliklərin qarşısı alınır. Profilaktika çox önəmli rol oynayır”.

Dövlət başçısının insan amilinə və sağlamlığına ayırdığı diqqətin daha bir nümunəsi olaraq, dövlət başçısının Sərəncamı ilə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nı da qeyd etməliyik. Sənəd çərçivəsində dağınıq skleroz xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılması istiqamətində tədbirlər həyata keçirilir. Dağınıq skleroz xəstəliyi ilə mübarizə, bir çox ölkələrdə olduğu kimi, respublikamızda da səhiyyənin aktual problemlərindən biridir. Azərbaycanda belə xəstələrin sayı 1000 nəfərə yaxındır və xəstələnmə halları ilbəil artmağa meyillidir. İl ərzində hər 100 000 nəfər əhaliyə 3-4 xəstələnmə hadisəsi qeydə alınır. Bu xəstəliyə ən çox 18-45 yaşlı insanlarda rast gəlinir, lakin bütün yaş qruplarında dağınıq skleroza təsadüf edilə bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, nevroloji xəstəliklər arasında dağınıq skleroz cavan yaşda əlilliyin əsas səbəblərindən biridir. Bu xəstəliyə tutulmuş şəxslər xəstəliyin başlanmasından 10-15 il sonra sərbəst hərəkət etmək imkanından məhrum olurlar. Statistik məlumatlara əsasən, hazırda dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı 2 milyona yaxındır. “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işlərin həcminin və səmərəliliyinin daha da artırılmasına yönəlib.

Göründüyü kimi, insanların sağlamlığı dövlətimiz üçün prioritet bir məsələdir. Hər bir ölkə vətəndaşı dövlət başçısının diqqət və qayğısını öz üzərində hiss edir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər