Siyasət

  • 3 305

Pensiyaların artırılması dövlətin insan amilinə verdiyi dəyərdir

image

İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, təhlükəsizliyi, rifahı və sağlamlığı dayanır”

Ölkəmizdə insanların hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Son 15 il ərzində, iki milyona yaxın yeni iş yerlərinin açılması, əmək haqlarının 5 dəfə, pensiyaların 8 dəfə, eyni zamanda, sosial müavinətlərin artırılması dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından xəbər verir.

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir. Dövlət başçısı çıxışlarında da sosial siyasətin dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu vurğulayıb: “Sosial siyasət bizim siyasətimizin ayrılmaz hissəsidir. Mən dəfələrlə demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və Azərbaycanın uğurları bunun əyani sübutudur. Ancaq bununla bərabər, biz güclü sosial siyasət aparılmadan inkişaf edə bilmərik. Çünki bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur”.

Reallıqlar,

perspektivlər

Yalnız son üç ildə dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sistemi ilə bağlı onlarla Fərman və Sərəncam imzalanması bu sahənin inkişafına yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu sənədlər sosial cəhətdən həssas təbəqələrə dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasına və yeni sosial təminat növlərinin formalaşmasına imkan yaratmaqla, milli əmək və sosial müdafiə sisteminin mütərəqqi islahatlar mərhələsinə daxil olmasına şərait yaradıb. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır”, - deyən Prezident İlham Əliyevin mükəmməl islahatlar kursu respublikanın iqtisadi potensialının gücləndirilməsində sürətli inkişaf mərhələsini şərtləndirməklə bərabər, yüksək sosial standartlara malik cəmiyyətin qurulmasına, sosial firavanlığın təminatına doğru mühüm addımların atılmasına zəmin yaradıb.

15 ildə pensiyanın orta aylıq məbləği 11,3 dəfə artıb

Vacib olan məqamlardan biri də pensiya islahatlarının, davamlı olaraq, aparılmasıdır. Bu baxımdan, 2017-ci ildə aparılmış köklü dəyişikliklər nəticəsində, pensiya sistemi qeyri-sığorta elementlərindən, əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən ayrılıb, fərdi uçot sistemində açıq hesab prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək, pensiyalarını artırmaq imkanı verilib. Görülmüş tədbirlər nəticəsində, əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq, 2018-ci il yanvarın 1-nə 208,4 manat olub. Azərbaycan Prezidentinin imzaladığı 9 fevral 2018-ci il Sərəncamı əmək pensiyalarını əvvəlki ilin orta aylıq əməkhaqqı artımına uyğun şəkildə cari ilin əvvəlindən daha 5,7 faiz artırmağa imkan verib”.

2017-ci il ərzində ölkə əhalisinin 4,8 faizinə və ya 482,9 min nəfərə aylıq və birdəfəlik sosial müavinət ödənib: “2017-ci ildə sosial müavinət alanların sayı 2003-cü il ilə müqayisədə 329,7 min nəfər, 2005-ci illə müqayisədə təqaüd alanların sayı isə 58,8 min nəfər artıb. 2017-ci ilin sonuna ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrin sayı 80,2 min təşkil edib. Hazırda əhalinin aztəminatlı hissəsinə hər ay 11,9 milyon manat ünvanlı dövlət sosial yardımı ödənir”.

Bütün bunlar, bir daha sübut edir ki, ölkəmizdə sosial siyasətin mərkəzində insan amili dayanır.

Beləliklə də, bütün bu uğurlu nəticələr, onu bir daha göstərir ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun gələcək illərdə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdən olacaqdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər