Siyasət

  • 3 854

"20 Yanvar Azərbaycan xalqının müstəqilliyi yolunda mühüm bir mərhələdir” ÖZƏL-ŞƏRH

image

“20 Yanvar hadisəsi bizim tarixi yaddaşımıza əbədi həkk olunmuş bir səhifədir. 1990-cı il yanvarın 20-nə keçən gecə Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun göstərişi ilə ordu hissələri Bakıda dinc əhaliyə qarşı silah işlətdi, insanlara divan tutdu. Sovet hakimiyyəti öz vətəndaşlarına qarşı cinayət törətdi. Fikrimcə, 20 Yanvar matəm günü kimi deyil, qəhrəmanlıq günü kimi qeyd edilməlidir. Çünki həmin hadisədən sonra Azərbaycan xalqı mərkəzi hökumətlə yolunun bir olmayacağını, Sovet İttifaqının tərkibində qala bilməyəcəyini başa düşdü. Müstəqillik uğrunda mübarizə başlandı. Bu baxımdan 20 Yanvar Azərbaycan xalqının müstəqilliyi yolunda mühüm bir mərhələdir”. Bunu SİA-ya açıqlamasında tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı deyib.Deputatın sözlərinə görə, 1990-cı ilin yanvarında Bakıda törədilən hadisələrə dünyanın müxtəlif ölkələrinin rəsmi hakimiyyət orqanları, təəssüf ki, sakit yanaşdılar. Hətta bu məsələdə Qorbaçovu müdafiə etdilər. Ona görə müdafiə etdilər ki, bir sıra böyük ölkələrin rəhbərləri SSRİ-nin dağılmasında maraqlı idilər. SSRİ-ni ayaq üstə saxlayan isə ordu, təhlükəsizlik orqanları və Kommunist Partiyası idi. 20 Yanvar hadisələrinin törədilməsində də elə bu üç qurumun - ordu, təhlükəsizlik orqanları və Kommunist Partiyasının günahkar olduğu üzə çıxdı. Və təbii ki, onlar gözdən düşdülər. Buna görə də xarici dairələr bir tərəfdən Qorbaçovun hərəkətlərini təşviq edirdilər, digər tərəfdən isə ölkədə baş verən hər hansı hadisəyə görə məsuliyyəti Kommunist Partiyasının üzərinə qoyub o sistemi dağıtmağa çalışırdılar. Bununla belə, bəzi ölkələrdə qeyri-hökumət təşkilatları 20 Yanvar hadisəsini qınadılar, bəyanatlar verdilər.İndiyə qədər 20 Yanvarla bağlı müxtəlif yazılar yazılıb, kitablar nəşr edilib. Amma hesab edirəm ki, bu hadisə ilə bağlı məsələlərin araşdırılmasına və dərindən öyrənilməsinə ehtiyac var. Bundan ötrü məsələnin daxili tərəfləri öyrənilməlidir. Məsələn, o zaman Azərbaycan rəhbərliyində baş vermiş ixtilaflar, hakimiyyətlə xalq arasında yaranmış uçurum, xalq hərəkatının rəhbərləri arasındakı münasibətlər, psixoloji amil təhlil olunmalıdır. Bundan başqa sovet rəhbərliyi daxilində baş verən hadisələrə münasibət öyrənilməlidir. Eyni zamanda beynəlxalq amil və xarici təsirlər də araşdırılmalıdır. Fikrimcə, 20 Yanvardan uzaqlaşdıqca, onun mahiyyətini daha dərindən öyrənir və dərk edirik. Bu hadisəni hərtərəfli araşdırmaqdan ötrü Moskvada siyasi büronun arxivlərinin materialları, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin, SSRİ Müdafiə Nazirliyinin arxiv materialları üzə çıxmalıdır. Ondan sonra bir sıra məqamlara aydınlıq gətirilə bilər.Bu gün 20 Yanvarla bağlı dünya kifayət qədər məlumatlı deyil. Qeyri-hökumət təşkilatlarımız, diaspor qurumları da bu işdə fəal olmalıdır. Çünki bu məsələlərin dünyaya geniş şəkildə çatdırılmasında diaspor təşkilatlarının, QHT-lərin üzərinə böyük iş düşür. Məsələ ilə bağlı müxtəlif ölkələrin parlamentlərinə müraciətlərin edilməsi, aksiyaların keçirilməsi bu işin mühüm tərəfidir. Azərbaycan tarixi həqiqətləri ilə bağlı işləri biz özümüz dünyaya çatdırmalıyıq”.

sia.az

Digər xəbərlər