Siyasət

  • 4 422

Sevinc Fətəliyeva: Azərbaycan dünya miqyasında yüksək nüfuza malik bir ölkədir

image

Bu gün Azərbaycan dünya miqyasında yüksək nüfuza malik olan bir ölkədir. Aparılan uğurlu xarici siyasət nəticəsində ölkəmizin dünya dövlətləri ilə əlaqələri gündən-günə genişlənir. Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 80-dən çox diplomatik nümayəndəliyi fəaliyyətini uğurla davam etdirir.

Bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, regionun aparıcı dövləti olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Ölkəmiz praqmatik xarici siyasət nəticəsində Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu orqanı - Təhlükəsizlik Şurasının qeyri-daimi üzv olub. Bu da Azərbaycanın milli maraqlarının beynəlxalq arenada layiqincə təmsil edilməsinə tarixi şərait yaradıb.
Milli Məclisin deputatı qeyd edib ki, xarici siyasətimizin digər prioritet istiqaməti olan beynəlxalq iqtisadi münasibətlərdə Prezident İlham Əliyev tərəfindən davamlı müstəqil və sabit siyasət yürüdülməsi nəticəsində enerji resurslarının dünya bazarına çıxarılmasına, Azərbaycanın enerji resurslarının nəqli üzrə geostrateji əhəmiyyətə malik dəhliz, həm də Avropa ölkələrinin enerji təminatında etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə qəbul edilməsinə şərait yaranıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji resurslarının şaxələndirilməsində vacib ölkə hesab olunur. Dünyanın qabaqcıl ölkələrinin dövlət və hökumət başçılarının Prezident İlham Əliyevlə görüşərək mühüm regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparmaları və müvafiq ikitərəfli razılaşmaların imzalanması beynəlxalq aləmdə Azərbaycana və onun Prezidentinə verilən ən yüksək siyasi qiymətdən xəbər verir.
Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində işğalçı Ermənistan dövlətinin küncə sıxışdırılmış vəziyyətdə qalmaqda davam etdiyini deyən Sevinc Fətəliyeva bildirib ki, indi bütün beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilir. Prezidentimizin hücum diplomatiyasına uyğun olaraq Heydər Əliyev Fondunun fəal işi nəticəsində Xocalı soyqırımı dünyanın ondan çox ölkəsinin parlamenti, eləcə də ABŞ-ın iyirmidən artıq ştatı tərəfindən tanınıb. Dünyanın nüfuzlu ekspertlərinin hesab etdiyi kimi, Ermənistanın mövqeyi xeyli zəiflədilib. Hətta işğalçı dövlətə bir vaxtlar havadarlıq etmiş ölkələrin regional məsələlərdə məhz Azərbaycan Prezidenti ilə məsləhətləşməyə üstünlük vermələri və paralel olaraq Ermənistanı perspektivsiz ölkə hesab etmələri onun oyundan kənarda qalmasına səbəb olub. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamə və qərarlarına Ermənistan tərəfindən məhəl qoyulmasa da, ötən ilin aprel ayında gedən döyüşlərdə aldığı zərbə ona böyük dərs oldu. İndi işğalçı dövlət çox yaxşı dərk edir ki, Azərbaycana qarşı növbəti belə təxribat uğursuz nəticələnəcək və bu, onların sonu ola bilər. Münaqişənin həllinə dair ədalətli mövqe Azərbaycanın Qoşulmama Hərəkatına üzv olmasından sonra zirvə toplantıları və xarici işlər nazirləri səviyyəsində qəbul olunan sənədlərdə də davamlı şəkildə öz təsbitini tapır. Qoşulmama Hərəkatının XVII Zirvə toplantısının mühüm nəticələrindən biri də Hərəkata üzv dövlətlərin yekdil razılığı ilə 2019-2022-ci illərdə sədrliyin Azərbaycana verilməsi və 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi qərarıdır. Ölkəmizə olan etimadın və onun artan nüfuzunun göstəricisidir ki, təsisata qısa müddət ərzində üzv olmağımıza baxmayaraq, ölkəmizin sədrliyi yekdilliklə dəstəkləndi. “Düşünürəm ki, ölkəmizin sədrliyi müddətində bir çox məsələlərin həlli istiqamətində müsbət nəticələr əldə olunacaq. Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayan bu Hərəkatın prinsiplərinə uyğun olaraq, Azərbaycan dünyada sülhün bərqərar olmasına öz töhfəsini verəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

yap.org.az

Digər xəbərlər