Siyasət

  • 3 978

28 il: "Səs" qəzeti bu illəri tutduğu yola, əqidəsinə sadiqliyi ilə zənginləşdirib

image

11 yanvar 1991-ci il. Müasir Azərbaycan mətbuatının parlaq nümunələrindən biri olan “Səs” qəzeti dövlət müstəqilliyimizin yenidən bərpa olunmasından 9 ay öncə, məhz bu tarixdə “Əlincə” Xeyriyyə Cəmiyyətinin nəşri olaraq fəaliyyətə başlayıb, keçdiyi şərəfli yol arxada qalan bu dövrü daha da zənginləşdirərək, oxucu auditoriyasının günbəgün genişlənməsinə stimul olub.Qəzet mürəkkəb tarixi dövrdə fəaliyyətə başlayıb. O dövrdə ki, ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür, iqtisadi tənəzzül yaşanır, söz və mətbuat azadlığından bəhs etmək qeyri-mümkün idi. Belə bir mürəkkəb zamanda həyata vəsiqə alan "Səs" qəzeti zaman-zaman təzyiqlərə məruz qalsa da, tutduğu mövqeyindən, əqidəsindən geri çəkilmədi, əksinə azad, müstəqil fikirli, vətənpərvər insanların tribunasına çevrilərək, ölkə reallıqlarını fəaliyyətə başladığı gündən bu günə «Qoy ədalət zəfər çalsın!» tezisini əsas prinsip kimi öndə saxlamaqla ölkə ictimaiyyətinə çatdırdı.Artıq o vaxtdan 28 il ötür. “Keçmişimiz bu günümüz, bu günümüz sabahımız üçün əsasdır” prinsipinə söykənsək "Səs"in dünəni, bu günü və gələcəyi ilə tam qürur duymağa haqqı olduğunu böyük fəxr hissi ilə qeyd edə bilərik. Bütün fəaliyyəti boyu dövlətçiliyimizin qorunmasında böyük xidmətləri olan qəzet müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunun, eyni zamanda son 15 ildə bu xəttin uğurlu davamçısı Prezident İlham Əliyevin gördüyü işlərin, hər bir sahədə təcrübəsi nümunə olan Azərbaycanımızın reallıqlarının ictimaiyyətə daha dolğun şəkildə çatdırılmasına səylər göstərir, səhifələrində dərc olunan yazılar oxucuların diqqətini özünə çəkməklə bir daha bu reallığı təsdiqləyir ki, çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yer tutmaq böyük məsuliyyət, eyni zamanda, peşəkarlıq tələb edən uğurdur. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsiplərinə - obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik amillərinə verilən önəm, sözsüz ki, mətbu orqanlar arasında bu özünəməxsusluğu əldə etməyə yol açan əsaslardır."Səs" bu gün də yolunu uğurla davam etdirir. 28 illik təcrübəsinə arxalanaraq fəaliyyətini müasir dövrün tələblərinə uyğun təkmilləşdirən "Səs" qəzeti ölkəmizdə mövcud demokratik şəraitin əsas elementlərindən olan söz, mətbuat azadlığından istifadə edərək oxucularını daim yeni, maraqlı informasiyalarla təmin edir. Qəzetin internet saytı, “Səs” İnformasiya Agentliyi, “Səs” internet televiziyası fəaliyyət göstərir, oxucu auditoriyasını günbəgün genişləndirmək imkanları daha da artır.Bir mühüm məqamı da qeyd etməliyik ki, “Səs” 1992-ci ilin oktyabrında ziyalıların ulu öndər Heydər Əliyevə müraciətini və Ümummilli Liderimizin həmin müraciətə cavabını dərc etməklə dünənimizin, bu günümüzün və gələcəyimizin əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısı missiyasını şərəflə yerinə yetirib və bu gün də səhifələrində həmin müraciət əsasında 1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyasının gördüyü işlər önəmli yer tutur. Heç şübhəsiz ki, "Səs" qəzeti hələ bundan sonra da uzun illər Azərbaycan xalqına, dövlətinə şərəflə xidmət edəcək. Qəzetin baş redaktoru Bəhruz Quliyev başda olmaqla bütün kollektivi bu tarixi gün münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayır, «qələminiz iti, sözünüz kəsərli olsun” deyirik.

Vüqar Rəhimzadə,
"İki sahil" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist

sia.az

Digər xəbərlər