Siyasət

  • 4 961

"Səs" qəzeti tarixi qəzetdir

image

Ağabəy Əsgərov,

"Azərbaycan" nəşriyyatının Baş direktoru,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,
1992-2005-ci illərdə "Səs" qəzetinin Baş redaktoru

"Səs" qəzeti Azərbaycan müstəqil mətbuatının ilk nümunələrindən biridir. Bu qəzetin ilk sayı 1991-ci il yanvar ayının 11-də işıq üzü görübdür. O vaxt Ayaz Mütəllibovun irticaçı rejimi hakimiyyətdə idi. Bu rejimin "Səs" qəzetinə münasibəti çox kəskin idi. Çünki "Səs" qəzeti iqtidarın ambisiyalarına xidmət etmirdi. Hakimiyyəti obyektiv şəkildə, arqumentlərlə tənqid edən, əhalinin müxtəlif təbəqələrinin fikirlərinə öz səhifələrində yer ayıran yeganə qəzet "Səs" qəzeti idi. Digər tərəfdən, bu qəzet Azərbaycan ziyalılarının, sağlam düşüncə sahiblərinin tribunasına çevrilmişdi. Mütəllibov hakimiyyəti öz simasını, öz nöqsanlarını, öz naqisliklərini və səriştəsizliyini bu qəzetdə gördüyü üçün ona qarşı qərəzli mövqe tutmuşdu. Nəzərinizə bir faktı çatdırım ki, "Səs" elə birinci nömrəsindən sonra şəxsən Mütəllibovun göstərişi ilə bağlanmışdı. Lakin oxucuların, tanınmış ziyalıların israr və tələblərindən sonra qərarı dəyişməyə məcbur oldular və qəzetin nəşrini bərpa etdik."Səs" qəzetinin fəaliyyəti haqqında çox fikir söyləmək olar. Amma mənim üçün ən qiymətli fikir məhz Ulu Öndər Heydər Əliyevin fikridir. Ümummilli Lider Heydər Əliyev öz siyasi fəaliyyəti ərzində çox nadir hallarda qəzetlər haqqında danışırdı. Çünki Ümummilli Lider Heydər Əliyev çox tələbkar, müasir zövqlü oxucu idi. Onun oxucu tələbatını ödəmək çox çətin idi. Fəxr edirəm ki, bu qəzetə rəhbərliyim Ümummilli Lider tərəfindən müsbət qiymətləndirilib. Ulu Öndər Heydər Əliyev "Səs" qəzetini özünə ən doğma və əziz mətbu orqan saydığını deyib, "Səs" qəzetinin tarixə düşdüyünü bəyan edib. Bir daha qeyd edirəm ki, bu, mənim üçün də, qəzetimizin bütün oxucuları üçün də, əməkdaşları üçün də çox dəyərli, çox yüksək bir qiymətdir.Vaxtilə və indi "Səs" qəzetində işləyənlərin, bu qəzetlə nə vaxtsa əməkdaşlıq edənlərin hamısını ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Bu, hamımızın bayramıdır, bütün mətbuatımızın bayramıdır. O insanlardan bəzilərini bu gün xatırlamaq yerinə düşər: Əli Nağıyev, Səyyad Aran, Siyavuş Novruzov, Abdin Fərzəliyev, Eldar Baxış, Teyfur Çələbi, Hacıbala Abutalıbov, Hüseyn Paşayev, Valeh Məhərrəmli, Zümrüd Bayramova, Rasim Quliyev, Rəfiqə Hüseynova, Ariz Abduləliyev, Bəhruz Quliyev... və onlarla başqaları. Bu qəzetdə qazanılan təcrübə peşəkar qələm təcrübəsidir, peşəkar jurnalist təcrübəsidir, mən deyərdim ki, bir məktəbdir.Həyatımın 13 ilini "Səs" qəzetində Baş redaktor işləmişəm. Bu illəri ömrümün ən mənalı, ən dəyərli illəri sayıram. Həmişə çalışmışam ki, bu qəzetə Ümummilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyətin verdiyi qiyməti, etimadı öz işimlə doğruldum. 13 il bu, necə deyərlər, bir igidin ömrüdür. Mən bu illərimi "Səs" qəzetinə sərf etməyimlə fəxr edirəm, qürur duyuram. Bu qəzet yarandığı ilk gündən tutduğu obyektiv və sağlam mövqeyinə bu gün də sadiqdir. "Səs"-in bütün keçmiş və indiki əməkdaşlarını bağrıma basıram, onları təbrik edirəm. Hamısına cansağlığı və şərəfli, məsuliyyətli işlərində yeni-yeni nailiyyətlər arzulayıram. Səsiniz mətbuatdan əskik olmasın!

sia.az

Digər xəbərlər