Siyasət

  • 3 162

İlham Əliyev: “Ulu Öndər “Səs” qəzetinin fəaliyyətini daim yüksək qiymətləndirmişdir” - SƏS-28

image

Bu gün Azərbaycanın ilk müstəqil mətbuat orqanından biri olan “Səs” qəzetinin 28 yaşı tamam olur. Düz 28 il bundan öncə, ictimai-siyasi hadisələrin gərgin olduğu bir dönəmdə Azərbaycan həqiqətlərinin carçısı olmaq missiyasını cəsarətlə öz çiyinlərinə götürmüş “Səs” qəzeti barədə bu günə qədər bir çox ictimai-siyasi xadim tərəfindən fikirlər səsləndirilib, xoş sözlər deyilib. Qəzetin cəsarəti, əqidəsi, obyektivliyi barədə müasir və müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin dedikləri isə əvəzsizdir: "“Səs” qəzeti mənim üçün ən əziz qəzetdir”. Ulu Öndər bununla “Səs” qəzetinin fəaliyyətinə tarixi qiymətini vermişdir.“Səs” qəzetinin 20 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəzetin kollektivinə ünvanladığı təbrik məktubu isə müstəqillik tariximizin yaşıdı olan qəzetin fəaliyyətinə verilmiş obyektiv və çox dəyərli qiymətdir.Prezident İlham Əliyevin “Səs” qəzetinin 20 illik yubileyində qəzetin kollektivinə göndərdiyi təbrik məktubunda deyilir: “İlk nömrəsi gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi mürəkkəb dövrdə, 1991-ci ilin yanvarında işıq üzü görmüş “Səs” qəzeti qısa zamanda əsl müstəqil və demokratik mətbuat nümunəsinə çevrilmişdir. Cəmiyyətdə siyasi plüralizmə böyük ehtiyac duyulduğu həmin illərdə, qəzet müxtəlif ictimai-siyasi dairələrin, sağlam düşüncəli vətənpərvər ziyalıların tribunasına çevrilmiş, vətəndaşları narahat edən məsələləri, dövrün aktual problemlərini cəsarətlə ictimai müzakirəyə çıxarmış, müxtəlif yönlü tətib və təzyiqlərə baxmayaraq öz mübariz mövqeyindən geri çəkilməmişdir.Müstəqillik illərində Azərbaycanda demokratik dəyişikliklərlə yanaşı, söz və mətbuat azadlığı da inkişaf etmiş, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaranmışdır. Yeni şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən “Səs” qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq cəmiyyət həyatının bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlamış, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olmuş, öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışmışdır. Ümummilli Lider Heydər Əliyev mətbuatda plüralizmin formalaşmasına və inkişafına mühüm töhfə vermiş “Səs” qəzetinin fəaliyyətini və cəmiyyət qarşısında xidmətlərini daim yüksək qiymətləndirmişdir.İnanıram ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz amallarına sadiq qalmış “Səs” qəzetinin kollektivi bundan sonra da həqiqət carçısı olacaq, ictimai maraqların, milli dövlətçilik mənafelərinin qorunmasında yüksək peşəkarlıq və prinsipiallıq göstərərək, xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirəcəkdir.Bir daha qəzetin bütün kollektivini yubiley münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram”.

sia.az

Digər xəbərlər