Siyasət

  • 2 725

Cənubi Qafqazda ABŞ-ın Ermənistan planı ÖZƏL-RƏY

image

“Geosiyasi münasibətlərin Potsdam mərhələsi Amerika Birləşmiş Ştatlarının gücünün və əzəmətinin bütün dünyada təsdiqlənməsi ilə başlandı. 1945-ci ildə ABŞ artıq dünyanın ən güclü, hərbi, iqtisadi və maliyyə dövləti idi. Amerika geosiyasətçiləri ölkələrini artıq təkcə Qərb yarımkürəsində deyil, bütün planetdə hegemon rol oynamağa ən çox təbii və tarixi haqqı olan dövlət kimi təqdim edirdilər”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.Siyasi şərhçinin sözlərinə görə, ABŞ geosiyasətçiləri SSRİ-ni “zülm imperiyası” adlandıraraq, təkcə ABŞ-ı deyil, bütün sivil ölkələri vahid mərkəzdə birləşərək, bu imperiyaya qarşı mübarizəyə çağırırdılar: “Belə mərkəz həm də onların fikrincə, planetin istənilən ərazisində baş verən proseslerə müdaxilə etməklə planetar məkana nəzarət etməli və həmin “tarazlaşdırıcı” və “sabitləşdirici” nəzarətin başında ABŞ dayanmalı idi.Zbiqnev Bjezinski tərəfindən irəli sürülmüş “Yeni dünya nizamı” konsepsiyası “Yeni tipli ABŞ hegemonluğu” anlayışını ortaya çıxarır. Beləliklə, yeni dünyanın hegemonu ABŞ olmalıdır fikri ilə Birləşmiş Ştatların üzərinə ağır və məsuliyyətli bir yük qoymuş olurdu.“Soyuq müharibə”dən qalib olaraq ayrılan ABŞ bu yeni konsepsiyanı əsas tutaraq dünyaya hegemonluq etmək iddiasını həyata keçirməyə başladı. ABŞ hegemonluğunu Orta və ya Yaxın Şərqdə reallaşdırmaq üçün demokratiyanın yayılması adı altında Əfqanıstan (2001-ci il) , İraq (2003-cü il) və “Ərəb Baharı” (2010-cu il) ilə başlayan Tunis, Liviya, Yəmən və Suriyaya müdaxilələr etdi. Lakin Suriyada ABŞ heç də gözləmədiyi bir şəkildə müqavimətlə qarşılaşdı. Bu müddət ərzində Vaşinqton çox qan itirərək Suriyada üstünlüyü əsas rəqibləri olan Moskva, Ankara və Tehrana verdiyini qeyd edə bilərik.Keçən ilin sonlarına yaxın ABŞ Suriyadan çəkilmə qərarını aldığını bildirdi. İlk vaxtlar elə təəssürat yarandı ki, bu ABŞ prezidenti Donald Trampın növbəti emosionallıqla verilmiş qərarlarından biridir. Ya da ABŞ rəhbərliyi Suriyada Rusiya, Türkiyə və İran üçlü ittifaqına məğlub olduğunu qəbul edib və bu səbəbdən burada mübarizə aparmağın mənasız yerə olduğunu anladığı üçün geri çəkilir.Bu illər ərzində baş verən hadisələrə bir daha nəzər salsaq görərik ki, ABŞ-ın Suriyadan çəkilməsinədəki amillərin arxasında tamam fərqli məqamlar durur. Vaşinqton Suriyadan çəkilməklə indiyə qədər itirdiyi siyasi iqtisadi və hərbi gücü yenidən bərpa edərək daha güclü şəkildə Suriyaya qayıtmağı planlayır. İkincisi, ABŞ Suriyadan tam olaraq çəkilməyəcək, qoşunları orda olmasa da orada mövcud olan terror təşkilatlarına və müxalif birləşmələrdən ibarət qüvvələri dəstəkləməyə davam edəcək. Üçüncüsü, ABŞ özünün boşalan yerinə Çini Suriya bataqlığına çəkməklə Pekin iqtisadiyyatının zəifləməsinə nail olmağı planlaşdırır. Dördüncüsü, ABŞ Rusiya-İran-Türkiyə ittifaqının hər biri ilə ayrı-ayrılıqda mübarizə aparacaq. Bunun üçün Vaşinqton Moskvanın “arxa baxça”sı olaraq gördüyü Mərkəzi Asiya və Qafqaz regionuna müdaxilə etməyə başlayacaq. Məhz ötən ilin oktyabr ayında ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz (Azərbaycan, Gürcistan və Ermənistan) ölkələrinə səfəri də bu konteksdə dəyərləndirilməlidir. Səfər zamanı C.Boltonun önəmli açıqlamalarından biri o oldu ki, biz gələcəkdə Ermənistan və Azərbaycan tərəflərinə silah sata bilərik. Bu ABŞ-ın Cənubi Qafqazda Rusiyaya qarşı yeni bir mübarizəyə başladığının nümunəsidir. ABŞ-ın əsas məqsədi Ermənistanı Rusiya təsirindən uzaqlaşdırmaqdır və bunun üçün İrəvana silah satmağı və Qarabağ məsələsini həll etməyi planlaşdırır. Belə olan təqdirdə Rusiyanın cənub sərhədləri təhlükə altında ola biləcəyini qeyd edə bilərik. Bununla yanaşı ABŞ İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara Ermənistanın da qoşulmağını tələb edir. Çünki Ermənistanın regionda İranla siyasi və iqtisadi əlaqələri yüksək səviyyədədir. Həmçinin Ermənistanın İranla birbaşa sərhədi olması ABŞ-ın gələcəkdə İrana qarşı planlarının həyata keçirilməsi baxımından əhəmiyyətlidir. Buradan da aydın olur ki, ABŞ-ın planlarında İranla olan münasibətlərinə görə Ermənistana ayrıca yer verilib. Vaşinqton çalışacaq ki, Tehranla İrəvan arasındakı əlaqələrdə uçurum yaratsın. Tarix boyu boyunduruq altınmda yaşamağı öyrənən Ermənistan buna asanlıqla gedə bilər. Görünür, ABŞ-ın Cənubi Qafqazda marionet rolunu oynayacaq ölkə Ermənistandır. Çünki, Gürcüstan Qərblə münasibətlərə üstünlük verir. Azərbaycan isə ulu öndər Heydər Əliyevin əsası qoyduğu müstəqil və balanslaşdırılmış siyasət reallaşdırmaqla beynəlxalq arenada öz sözünü deyir.Nəticə etibarı ilə 2019-cu il yeni geosiyasi rəqabət alanlarından biri də Cənubi Qafqaz olaraq müəyyən edilib. Görünür, bu il ABŞ və Rusiyanın Cənubi Qafqazdakı mübarizəsi yeni bir mərhələyə keçəcək. Xüsusilə, hər iki ölkənin hərbi nümayəndələrinin tez-tez görüşlərinin baş tutması ehtimalı yüksək dəyərləndirilir. Ələlxüsus da Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin əsas təminatçısı olan Azərbaycanda növbəti belə görüşlərin keçirilməsi daha real görsənir.Digər tərəfdən, ABŞ-ın Ermənistanı Rusiya təsirindən uzaqlaşdırmaq uğrunda mübarizədən qalib çıxma şanslarının aşağı olduğunu da qeyd etmək zəruridir. Bunun başlıca səbəbi isə İrəvanın siyasi, iqtisadi və hərbi cəhətdən Moskvadan aslı olmasıdır”.

yap.org.az

Digər xəbərlər