Siyasət

  • 2 316

Güclü iqtisadiyyatın təminatı güclü ərzaq təhlükəsizliyinin qarantıdır

image

İlham Əliyev: “Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlətin verdiyi dəstək heç bir başqa ölkədə yoxdur”

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan davamlı inkişaf kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə daha da möhkəmlənib, qeyri-neft sektorunun, eləcə də, aqrar sektor üzrə istehsalın və ixracın artırılması istiqamətlərində kompleks tədbirlər görülüb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 dekabr tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair” Fərman aqrar sektora dövlət dəstəyinin real amildir.

Məhz intensiv texnologiyaların tətbiqi, kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, aqroparklar, iri fermer və bağçılıq təsərrüfatlarının, müasir heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin fəaliyyətə başlaması, meliorativ tədbirlər nəticəsində, yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi bu sahədə iqtisadi artımı sürətləndirib. Hazırda 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə 332 milyon manat dövlət maliyyə dəstəyi göstərilib ki, bunun da 219 milyon manatı infrastrukturun yaradılmasına yönəldilən dövlət investisiya qoyuluşu, 113 milyon manatı isə 17 aqroparka verilmiş güzəştli kreditlərdir. Bununla yanaşı, 15 aqropark üzrə dəyəri 566 milyon manat olan 27 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq 6 aqropark fəaliyyətə başlayıb, cari ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Qeyd edilənlər nəzərə alınaraq, aqrar sektor üzrə 2019-cu ildə 4,6 faiz, növbəti 3 ildə isə orta hesabla 4,5 faizdən çox artım gözlənilir. Qarşıdakı dövr üçün qeyd edilən proqnoz göstəricilərinin reallaşdırılmasına 2019-cu ilin dövlət büdcəsində aqrar sektorun inkişafı məqsədilə nəzərdə tutulan xərclərin cari illə müqayisədə 10,5 faiz artırılaraq, 835 milyon manat səviyyəsinə çatdırılması da öz müsbət təsirini göstərəcək. Bu isə kənd təsərrüfatı üzrə istehsalın və ixracın artırılmasında uğurların şərtləndirilməsi deməkdir.

Ölkə Prezidenti, həmçinin fermerlərə göstərilən dövlət dəstəyindən də danışdı: “Əlbəttə ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır... Fermerlərə subsidiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Yəni sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək”.

Azərbaycan - çoxşaxəli iqtisadi trayektoriyada

Dövlət başçısı Azərbaycanın öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha böyük həcmdə çıxacağını vurğulayaraq, bildirib ki, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək: “İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var: “Bizim üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Son vaxtlar görülən işlər və keçirilən müşavirələr, mənim bölgələrə səfərlərim, bir daha onu göstərir ki, biz düzgün yoldayıq”.

Beləliklə, göstərilən faktlar, bir daha sübut edir ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir və kənd təsərrüfatının bütün sahələrinin inkişafı isə Azərbaycanın ixrac potensialını artıracaq ki, bu da həm ölkəyə valyuta axınını artıracaq, həm də Azərbaycan məhsullarının dünya bazarlarına çıxışını sürətləndirəcək. Ən əsası isə, ərzaq təhlükəsizliyinin təmin olunmasına yol açacaq. Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev çıxışlarında ənənəvi olan sahələrin uğurla inkişaf etdirildiyini də bildirib: “Pambıqçılıq. Biz pambıqçılığın şöhrətini bərpa etdik. İki il ərzində çox böyük işlər görüldü. Pambıq sahələri 17 min hektardan 136 min hektara çatdırıldı... Tütünçülük, fındıqçılıq, baramaçılıq sürətlə inkişaf edir”.

Əlbəttə ki, butun bu reallıqlar, onu deməyə əsas verir ki, dövlət başçısının ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı görülən işlərin sürəti bundan sonra daha da artırılacaqdır. Çünki kənd təsərrüfatının inkişaf etdirilməsi, dövlətin iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevrilməsinə stimul verəcəkdir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər