Siyasət

  • 2 430

"Münaqişənin həlli ilə bağlı kifayət qədər obyektiv mövqe formalaşıb" ŞƏRH-ÖZƏL

image

“Azərbaycanın həyata keçirdiyi xarici siyasət, uğurlu siyasi gedişləri nəticəsində Dağlıq Qarabağla bağlı əlverişli vəziyyət formalaşıb və formalaşmaqda da davam edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O bildirib ki, Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr, hərbi qarşıdurmalar, Ermənistanın Azərbaycana olan təcavüzünün siyasi anatomiyasının açılmasında ölkəmizin xarici siyasəti böyük rola malik olub.Politoloq söyləyib ki, rəsmi səviyyədə Ermənistanın Azərbaycana təcavüzünü tanıtdıra bilməsək də, bu siyasi hadisənin siyasi anatomiyasını, bunun nəticələrinin ləğv edilməsi üçün yaranan əlverişli şəraiti görməmək mümkün deyil: “Burada dünya ictimai rəyin, aparıcı dövlətlərin, beynəlxalq təşkilatların, ölkəmizin ərazi bütövlüyünü tanıyan və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini xüsusi vurğulayan qurumların bəyanatlarını göz önünə gətirmək kifayətdir. NATO-nun, Brüssel zirvə toplantısının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının verdiyi bəyanatları misal gətirmək kifayətdir”.Artıq bir çox dövlətlərin ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşıldığını xüsusi vurğulayan Q.Hüseynli deyib ki, bu məsələdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin kifayət qədər rolu var: “ABŞ kimi nəhəng dövlətin tabe olduğu NATO-nun ən azı 6-7 sammitinin Dağlıq Qarabağla bağlı verdiyi bəyanatlarında problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi vurğulanır. Eyni addımları İƏT, Qoşulmama Hərəkatı və bir sıra dövlətlər də atıb. Bu gün Ermənistan nə qədər çabalasa da, dünya ictimai rəyində bu ölkənin təcavüzkar obrazının formalaşmasının qarşısını ala bilməyib. Eyni zamanda Dağlıq Qarabağın da ölkəmizə məxsusluğu ideyası gündəmdə özünə möhkəm yer tutub. Bu nöqteyi-nəzərdən cəsarətlə demək olar ki, artıq dünya ictimai rəyində problemin həllinə dair dəqiq, birmənalı, kifayət qədər obyektiv mövqe formalaşıb”.

sia.az

Digər xəbərlər