Siyasət

  • 3 517

Rafael Hüseynov: Azərbaycan dövləti kənar iradəyə tabe olmadan müstəqil siyasət aparır

image

Çox illərdir ki, bizim qış sessiyalarımız təxminən eyni vaxtda keçirilir və yanvarın 19-da, 20-də biz adətən yolda oluruq. Uzun yol isə həm də düşünmək üçün əlavə bir fürsətdir. Hər dəfə bu uzun yolu qət edərkən xalqım, onun azadlıq, müstəqillik uğrunda əzablı mübarizələr tarixi haqqında həmişəkindən daha çox düşünürəm.

Bu gün yanvarın 21-dir və düz 29 il əvvəl bugünkü gün Bakı qan içində idi. Yanvarın 20-də gecə saatlarında sovet hərbi hissələri Azərbaycan paytaxtına amansız müdaxilə etmiş, böyük qırğınlar törətmişdilər. Həmin dəhşətli gecənin qurbanları o qədər çox idi ki, Bakıda onların ayrıca bir məzarlığı yarandı. Hələ XX əsrin əvvəllərində müsəlman Şərqində ilk respublika qurmuş Azərbaycan XX əsrin sonlarında öz dövlət müstəqilliyini belə qanlardan və qurbanlardan keçərək bərpa etdi. Əlbəttə, xalqımıza belə baha başa gəlmiş dövlət müstəqilliyimizin qədrini biz çox yaxşı bilirik və müstəqilliyimizə istənilən müdaxilə cəhdinə qarşı səsimizi qaldırmağa, müqavimət göstərməyə hər zaman hazırıq.
Bu fikirləri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun qış sessiyasında sərbəst debatlar zamanı söyləyib.
O bildirib ki, müstəqil dövlət olmağın ən ümdə şərtlərindən biri müstəqil siyasət apara bilməkdir. Azərbaycan dövləti məhz kənar iradəyə və idarəyə tabe olmadan müstəqil siyasət aparır və daim inkişafdadır. Son illər Azərbaycanda olanlar bu tərəqqinin bilavasitə şahidi olublar. Azərbaycanda olmayıb elə uzaqdan ölkə ilə maraqlananlar isə statistik göstəricilər əsasında, rəqəmləri dünya ilə müqayisə edərək bu inkişafın necə intensiv getdiyini görə bilərlər. Azərbaycanın yerləşdiyi son dərəcə mürəkkəb geosiyasi vəziyyəti, regionla bağlı maraqlar toqquşmasını nəzərə alsaq, bunun nə qədər ağır bir iş olduğunu təsəvvür etmək çətin deyil.
“Aydındır ki, belə bir müstəqil siyasətə və inkişafa maneçilik törətmək istəyən qüvvələr az deyil. Təbii, bu sırada regionda öz təsir imkanlarını genişləndirmək, Azərbaycanın enerji resurslarına nəzarət imkanlarını artırmaq məqsədi güdən qüvvələr üstünlük təşkil edir. Müəyyən mənada onların məntiqini başa düşmək mümkündür. Anlaşılması müşkül olan və təəccüb doğuran, Azərbaycanla əməkdaşlıq edən, Azərbaycandan faydalar görən və eyni zamanda, Azərbaycan əleyhinə müəyyən hərəkətlərə bu və ya digər dərəcədə dəstək verənlərdir. Axı, eyni zamanda, həm dost olmaq, həm də dost olmamaq mümkün deyil. Doğru seçimini etmiş, məhz səni seçmiş, amma başqa seçim imkanı olanı incik salmaq arzuolunmaz nəticələrə də gətirib çıxara bilər”, - deyə R.Hüseynov vurğulayıb.
O qeyd edib ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır. Avropa üçün enerji təhlükəsizliyi məsələsi, eyni zamanda, onun bir sıra siyasi təhdidlərdən xilas olması deməkdir. Bütün bunlar aydın həqiqətlər olduğu halda Azərbaycana qarşı addımlar atılması, ikibaşlı oyunlar oynanılması, belə cəhdlərin bir çox hallarda guya demokratiyanın müdafiəsi pərdəsi altında aparılması xoşagəlməz cəhətlərdəndir.
“Avropa Şurasının 70 yaşı tamam olur və bu, müdriklik həddi sayılan bir yaşdır. Azərbaycan bu əsrin əvvəlindən Avropa Şurası ilə birgə addımlayır və demokratik dəyərlərə də sadiqdir. Biz Avropa Şurasını bir məktəb sayırıq və öyrənməyə də həmişə hazırıq. Amma demokratiya dərslərini kriminal keçmişli, bəsit düşüncəli, Azərbaycan cəmiyyətinin rədd etmiş olduğu, mədəniyyəti və intellekti dayaz, xaricə sığınaraq muzdla Azərbaycan dövləti əleyhinə təhqirlər və böhtanlar yağdırmağı özlərinə peşə seçmiş çürük şəxslərin vasitəsilə verməyə çalışmayın. Dəvət etdiklərinizi, münbit şərait yaratdıqlarınızı görürük və təəssüflənirik. Axı, biz sizi daha yüksək qiymətləndiririk, axı, biz sizi bu oturub-durduqlarınızdan üstün hesab edirik. Özünüz özünüzə hörmət edin”, - deyə R.Hüseynov bildirib.

yap.org.az

Digər xəbərlər