Siyasət

  • 3 222

“Azərbaycan dünya birliyi üçün önəmli tərəfdaşa çevrilib”

image

Prezident İlham Əliyev Davosda bir sıra mühüm görüşlər keçirib

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Visa” şirkətinin prezidenti Rayan MakInerni ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğuladı. O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında “Visa” şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirdi.

Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd etdi, bunun başqa ölkələr üçün də nümunə olduğunu dedi.

Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında “Visa” brendli kartlardan geniş istifadə edildiyini deyən Rayan Maklnerni şirkətin ölkədə fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu, bir çox sahələrdə, o cümlədən ictimai nəqliyyatda da nağdsız ödənişlərin geniş tətbiqinə dəstək göstərməyə hazır olduqlarını vurğuladı.

Prezident İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş islahatların aparıldığını, bu islahatların artıq nəticələr verdiyini, o cümlədən bunun beynəlxalq reytinqlərdə, məsələn, “Doing Business 2019” hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldiyini bildirdi. Dövlətimizin başçısı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin önəmini ifadə etdi.

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşü olub. Görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq”, “Asiman”, “Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edildi.

Prezident İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb. Görüşdə Gerri Elliott Azərbaycanın müxtəlif dövlət qurumları ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan regionda şirkətin əməkdaşlıqda maraqlı olduğu ən mühüm dövlətlərdən biridir. Gerri Elliott “CISCO” şirkətinin layihələrinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, hər bir dövlətin inkişafı üçün lazım olan üç əsas istiqaməti Azərbaycanda müşahidə etdiklərini vurğuladı. Bu baxımdan Azərbaycanda islahatları aparan bacarıqlı liderin olmasının, konkret inkişaf planlarının mövcudluğunun, bu planların reallaşdırılmasını və dövlətin inkişafını təmin edəcək hədəflərə çatmaq üçün məsul qurumların müəyyənləşdirilməsinin ölkənin tərəqqisində əsas amillər olduğunu qeyd etdi.

Xanım Gerri Elliott Azərbaycan Hökuməti, xüsusilə Ədliyyə Nazirliyi ilə məhkəmələrin, cəzaçəkmə müəssisələrinin inteqrasiyası, bu sahədə elektron xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətlərində sıx əməkdaşlıq etdiklərini vurğuladı. O, “CISCO”nun Azərbaycanın iqtisadi inkişafın müxtəlif istiqamətləri üzrə həyata keçirdiyi siyasətə dəstək verməyə hazır olduğunu ifadə etdi və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev “CISCO” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu vurğuladı. Dövlətimizin başçısı şirkətin Azərbaycanın aidiyyəti qurumları ilə məhsuldar əməkdaşlığından razılığını bildirdi. Prezident İlham Əliyev bu əməkdaşlığın Azərbaycanın müəyyənləşdirdiyi proqram və planların həyata keçirilməsində, şəffaflığın artırılmasında və digər elektron xidmətlərin inkişafında əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyev həmçinin yanvarın 22-də Davosda “SAP SE” şirkətinin baş icraçı direktoru Bill Makdermot ilə görüşüb. Görüşdə Bill Makdermot müəllifi olduğu kitabı dövlətimizin başçısına təqdim etdi.

Söhbət zamanı Bill Makdermot Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu vurğuladı və son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların və ölkəmizin inkişaf proqramlarının onlarda böyük maraq oyatdığını bildirdi. Şirkətin artıq Bakıda ofis açdığını deyən Bill Makdermot Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin reallaşdırılmasında və rəqəmsal iqtisadiyyatın formalaşmasında “SAP SE” şirkətinin dəstək verməyə hazır olduğunu ifadə etdi. Qeyd etdi ki, şirkət həm dövlət sektorunda, həm də özəl sektorda rəqəmsal iqtisadiyyatın, ümumiyyətlə, rəqəmsallaşmanın inkişafına töhfə verə bilər. Azərbaycan dövlətinin başçısının həyata keçirdiyi iqtisadi siyasət onlarda bu inamı yaradır.

Prezident İlham Əliyev “SAP SE” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, şirkətin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığı ölkəmizdə iqtisadiyyatın inkişafına, şəffaflığın artmasına, yeni iş yerlərinin yaradılmasına töhfə verib. Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmini vurğuladı.

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin həyata keçirdiyi mühüm qlobal layihələrin əhəmiyyəti qeyd edildi, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb. Görüşdə “LUKoil” şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr və onların icrası ilə bağlı məsələlərdən, əməkdaşlığın perspektivlərindən danışılıb.

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin görüşü olub. Görüşdə “Total” şirkətinin Azərbaycanda reallaşdırdığı layihələr, o cümlədən “Abşeron” layihəsinin uğurla həyata keçirilməsi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən həmçinin Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə də görüşüb.

Digər xəbərlər