"Bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır" RƏY-ÖZƏL

“Azərbaycanda Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməklə yanaşı, artıq bir çox ölkələr üçün nümunəyə çevrilib”. Bu fikirləri SİA-ya açıqlamasında deputat Dilarə Cəbrayılova deyib.Azərbaycanda gənclər siyasətinin inkişaf etdirildiyini və bu istiqamətdə mühüm işlərin görüldüyünü, tədbirlərin keçirildiyini bildirən deputat söyləyib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə və optimist baxmasına imkan verir: “Bu gün Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır və gəncliyin potensialından maksimum dərəcədə istifadə olunur”.Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə mühüm tövsiyələr verdiyini deyən D.Cəbrayılova qeyd edib ki, ölkə başçısı çıxışında müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu, ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxunaraq, onlara peşəkar olmaq, milli və vətənpərvərlik ruhunda tərbiyə almaqla bağlı əhəmiyyətli tövsiyələr vermiş oldu: “Ölkə başçısı çıxışı ilə Azərbaycan gəncliyinə inandığını və güvəndiyini bəyan etdi. Bu, Azərbaycan gəncliyinə verilən çox yüksək qiymətdir”.Deputat qeyd edib ki, gənclərimiz onlara göstərilən qayğını öz əməli fəaliyyəti dövlətimizin inkişafına töhfələr verməklə doğrultmalıdırlar: “Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çox şaxəli dövlət islahatlarının həyata keçirilməsində iştirak edir”.

sia.az