Süleyman İsmayılov: Dərin iqtisadi islahatlar və bütün sahələrdə vətəndaşların fəallığı ilə yadda qalan ötən ildə Azərbaycan xalqının güzəranı daha da yaxşılaşmış, qazanılmış böyük iqtisadi və siyasi uğurlar xalqın öz sabahına olan inamını daha da gücləndirmişdir

“Azərbaycan tarixinin ən zəngin və şanlı səhifələrindən biri olan 2018-ci ildə xalqımız çox şərəfli və qürurverici yubileyləri böyük təntənə ilə qeyd etməklə bərabər, həyatın bütün sahələrində hər bir azərbaycanlını sevindirən yeni-yeni nailiyyətlər əldə etmişdir”. Bu fikirlər Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində yer alıb.

Qeyd edilib ki, ölkə Prezidentinin ötən ilin əvvəlində imzaladığı Sərəncamla “Azərbaycan Xalq Cümhuriyyəti İli” kimi tarixə düşən 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, ulu öndər Heydər Əliyevin 95 illik yubileylərinin qeyd edilməsi ilə əlamətdar olmuşdur: “Ötən ilin ən mühüm siyasi hadisəsi isə prezident seçkiləri olmuş, Azərbaycan vətəndaşları növbəti 7 ildə öz talelərini və gələcəklərini dünya siyasətçiləri arasında özünü müdrik siyasi rəhbər kimi təsdiq etmiş cənab İlham Əliyevə etibar edərək onun siyasətinə səs vermişlər. Onlar bununla Heydər Əliyev siyasətinin davamlılığına, dönməzliyinə, müstəqilliyimizin əbədiliyinə səs vermiş və yüksək ictimai fəallıq nümayiş etdirmişlər”.
“Dərin iqtisadi islahatlar və bütün sahələrdə vətəndaşların fəallığı ilə yadda qalan ötən ildə Azərbaycan xalqının güzəranı daha da yaxşılaşmış, qazanılmış böyük iqtisadi və siyasi uğurlar xalqın öz sabahına olan inamını daha da gücləndirmişdir. 2018-ci ildə vətəndaşların fəallığı onların Prezident Administrasiyasına ünvanladıqları müraciətlərdə, xüsusilə ictimai əhəmiyyətli təklif və ərizələrdə, minnətdarlıq məktublarında özünü göstərmişdir”,-deyə məqalədə diqqətə çatdırılıb.

yap.org.az