Siyasət

  • 3 954

YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda tədbir keçirilib

image

Fevralın 7-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda tədbir keçirilib. Tədbirin moderatoru, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov müasir dövrdə gənclərin ailə məsələlərinə baxışlarının aktual olduğunu bildirib.
Çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, ailə cəmiyyətin əssını təşkil edir. Bu gün ölkəmizdə ailə institutunun qorunması prioritet məsələlərdəndir. A.Naxçıvanlı deyib ki, tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Onun sözlərinə görə, cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. «Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, inkişafına çalışır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir. Bizim qədimdən gələn ailə modelimiz var. Mütəmadi aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də cəmiyyətdə erkən nikahlar problem olaraq alır. Erkən nikahlarda məişət zorakılığından tutmuş doğuş zamanı ana və uşaq ölümləri, boşanmalar və fiziki psixoloji çətinliklərə rast gəlinir. Eyni zamanda, təhsildən yayınma halları da baş verir. Bu məsələlərin həlli daim diqqət mərkəzində olmalıdır»-deyə, komitə sədri vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında bildirib ki, qloballaşma dövründə dünya ölkələrində ailə institutu tənəzzülə uğramaqdadır. Onun sözlərinə görə, bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar: “Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. Bu gün ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün hansı imkanlar var? İlk növbədə qeyd etmək lazımdır ki, güclü qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır. Lakin qeyd etməliyik ki, bir çox problemlər hələ də öz aktuallığını saxlamaqdadır. Bu neqativ tendensiyaları aradan qaldırmaq üçün nə edə bilərik? İlk növbədə ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir. Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsi nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin görünmədən, lakin çox sürətlə ailələrə daxil olmasıdır. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır”. A.Sofiyeva ailə dəyərlərinin qorunması işində gənclərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.
Tədbirdə həmçinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və “Simurq” Azərbaycan Mədəniyyət Asossiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov çıxış edərək mövzu ilə əlaqədər fikirlərini bildiriblər.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

yap.org.az

Digər xəbərlər