"Bəzi Qərb təşkilatlarının hesabatı qərəzli mənbələrə əsaslanır" RƏY-ÖZƏL

“Freedom House” təşkilatının son hesabatında Azərbaycanla bağlı rəy və qənaətlər Qərbdə ölkəmizə təmayüllü münasibətlərin hələ də dəyişmədiyini bir daha göstərdi. O da təsdiqlənir ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycan barədə hesabatlarına hər il kosmetik dəyişikliklər edərək dövriyyəyə buraxmaq üslubunu dəyişməyiblər”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru siyasi şərhçi Aydın Quliyev deyib.O bildirib ki, “Freedom House” təşkilatının son hesabatında Azərbaycan barədə yazılanları oxuyanda bunların nəinki indiki vəziyyətə, heç 1990-cı illərin ortalarındakı vəziyyətə də uyğun gəlmədiyini dərhal sezə bilirik: “Bu təşkilatın Azərbaycanı sevməyən və pislik etmək istəyən beynəlxalq dairələrin təsirində olduğu o qədər məlum həqiqətdir ki, bunu sübut etmək üçün vaxt sərf etməyə ciddi adamların heyifi gəlir. Ancaq bir neçə məsələyə xüsusi münasibətimizi göstərməliyik”.Eyni məzmunlu hesabatların hər il cüzi dəyişikliklərlə yenidən bəyan edildiyini deyən baş redaktor söyləyib ki, buna görə də hesabatlar eyni qərəzli və qeyri obyektiv mənbələrin rəylərinə əsaslanır.A.Quliyev söyləyib ki, sözügedən təşkilatlar erməni lobbistləri ilə fəal çalışır: “Freedom House” təşkilatının Ermənistanda siyasi dustaq ölümünə və Fransada qeyri insani zorakılıqlara susması onun iş üslubunda ikili standartların olmasına şübhə yeri qoymur. Bu təşkilat Azərbaycan hökuməti ilə səmimi və açıq işləməməsi çox ciddi bir qüsurdur. Bu azmış kimi təşkilat həm də bütün xətalı hesabatların əsas mənbəyidir”.Siyasi şərhçi vurğulayıb ki, Azərbaycana qarşı qərəzli mövqedə olan təşkilatların subyektiv rəylərinin təsirinə düşmək deyil, ölkəmizdəki reallıqları daha da təkmilləşdirmək və Azərbaycana daha obyektiv münasibət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığın intensivliyini artırmaq lazımdır. Onu da deyim ki, bu arada məlum beynəlxalq qurumların Azərbaycanla qərəzli davranışlarında artım ola bilər. Çünki bu məsələlər Dağlıq Qarabağ probleminin həllində Azərbaycan diplomatiyasının mövqelərinin güclənməsi ilə sinxron qaydada bağlıdır”.

sia.az