Siyasət

  • 3 375

Dövlət Dumasında “Rusiya ilə Azərbaycan arasında mədəniyyət körpüləri mədəniyyətlərarası dialoqun əsasıdır” mövzusunda müzakirələr aparılıb

image

Fevralın 13-də Rusiya Dövlət Dumasında “Rusiya ilə Azərbaycan arasında mədəniyyət körpüləri mədəniyyətlərarası dialoqun əsasıdır” mövzusunda dəyirmi masa keçirilib.Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun həmsədri Dmitri Savelyevin apardığı dəyirmi masada Dövlət Dumasının deputatları, Azərbaycan və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və xaricdə yaşayan həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov çıxışında bildirib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir. Hazırkı dəyirmi masanın mövzusu da olduqca aktualdır, çünki humanitar sahədə əlaqələr digər sahələrdə, o cümlədən iqtisadi və siyasi sahələrdə əməkdaşlıqdan heç də az əhəmiyyət kəsb etmir. Azərbaycanda rus dilinə və mədəniyyətinə qayğıdan danışan deputat vurğulayıb ki, Azərbaycan məktəblərində təkcə ötən il 2800 şagird rus dili və ədəbiyyatı üzrə olimpiadalarda iştirak edib. “Azərbaycanda həqiqətən, rus dilinin qorunub saxlanması üçün çox iş görülür, bu baxımdan Azərbaycan nümunə gətirilməli və bu barədə Rusiya KİV-ləri də informasiyalar yaymalıdırlar”, - deyə L.Kalaşnikov vurğulayıb. O qeyd edib ki, dəyirmi masada irəli sürüləcək təklif və rəylər Dövlət Dumasının komitə iclaslarında müzakirə olunacaq və nəzərə alınacaqdır.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Səfir qeyd edib ki, müxtəlif ikitərəfli tədbirlərin təşkilatçıları həm də bu görüşlərdə hansı mövzulara toxunulduğuna diqqət yetirməlidirlər. P.Bülbüloğlu dəyirmi masanın iştirakçılarına uğurlar arzulayıb və belə görüşlərin ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qalxmasında mühüm rolunu diqqətə çatdırıb.
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun həmsədri Dmitri Savelyev bildirib ki, Rusiya və Azərbaycan xalqlarının ümumi tarixinin əlaqələrimizin daha da möhkəmlənməsində rolu böyükdür. Mədəni əməkdaşlığın xalqlarımız arasında əlaqələrin inkişafında əhəmiyyətindən danışan deputat bildirib ki, sivilizasiyaların qovşağında yerləşən Azərbaycan hər zaman əməkdaşlıq və qarşılıqlı anlaşma müstəvisi olub. Milli mədəniyyətini arxaikləşdirmiş bəzi xalqlardan fərqli olaraq, Azərbaycan özgürlüyünü qoruyub saxlaya bilib. O deyib: “Nizami, Nəsimi poeziyası bütün dünyada tanınır, dünyanın bir çox ölkələrində Azərbaycan incəsənəti sevilir və dəyərləndirilir”. D.Savelyev Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrindən söhbət açaraq deyib: “Bakının mərkəzində erməni apostol kilsəsi var. Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olmasına baxmayaraq, bu kilsə dövlət tərəfindən bərpa olunub və qorunur. Yalnız güclü, bütün dünyaya həqiqi multikulturalizm ixrac edən bir dövlət belə edə bilər”.
Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun həmsədri Əli Hüseynli Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında dostluq münasibətlərinin ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rolunu vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan və Rusiya xalqları həm də mədəniyyət xadimlərinin səyləri sahəsində daha çox yaxınlaşır. O deyib: “Bu məsələdə diasporlarımızın rolunu xüsusi qeyd etmək istərdim. Milli Məclisdə rus icması təmsil olunur. Biz fəxr edirik ki, Cənubi Qafqazın ən böyük rus icması məhz Azərbaycandadır”. Milli Məclisin deputatı birgə tədbirlərin, o cümlədən Bakı Beynəlxalq Humanitar Forumunun da əhəmiyyətini vurğulayıb.
Dəyirmi masada Dövlət Duması ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Oksana Puşkina, Rusiya MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Eleonora Mitrofanova, moda tarixçisi Aleksandr Vasilyev, Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Yaşar Hüseynli, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Sevda Sadıxbəyli, Bakı Slavyan Universitetinin professoru Zemfira Rüstəmova və başqaları çıxış ediblər.

yap.org.az

Digər xəbərlər