Siyasət

  • 3 513

Dövlət başçısının regionlara hər səfəri sosial rifahın daha da inkişafına doğru atılan uğurlu addımdır

image

İlham Əliyev: “Mən həmişə xalqın dəstəyinə arxalanmışam, mənə güc verən xalqın mənə olan inamıdır”

Regionlarımızın günbəgün inkişaf etməsi uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu təsdiq edən ən mühüm amildir. Regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə, regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə təkan verir.

Ən mühüm məsələ isə, Prezident İlham Əliyevin, mütəmadi olaraq, bölgələrə səfər etməsi və səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də, ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə vəsaitin ayrılması regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Xüsusi olaraq, vurğulamaq lazımdır ki, son illər ərzində, ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi vədi yerinə yetirən və Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan ölkə başçısı İlham Əliyevin, müntəzəm olaraq, regionlara səfərləri zamanı insanlarla həmişə təmasda olması, sıravi adamlarla, ziyalılarla, gənclərlə görüşləri Ona öz işini səmərəli qurmaqda, nöqsanları aradan qaldırmaqda, qarşıya yeni vəzifələr qoyub, həyata keçirməkdə imkanlar yaradır və hakimiyyətlə xalqın birliyini möhkəmləndirir.

Məhz bunun nəticəsidir ki, son 15 ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır.

Xalq-iqtidar birliyi dövlət başçısına inamın məntiqi nəticəsidir

Bu real fakt Prezident İlham Əliyevin Azərbaycanın şəhər və rayonlarına hər bir səfəri və bu səfərlər zamanı insanlarla görüşü, onların qayğı və problemlərinə həssas münasibətin nümayişinə çevrilir. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin, nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Ötən illər ərzində, ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən dövlətimizin başçısı İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyinin qayğısına qalması əsas amillərdəndir.

Elə bu günlərdə regionlara növbəti səfərləri çərçivəsində Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Beyləqan rayonunda olub və səfər bir sıra sosial-iqtisadi təyinatlı obyektlərin açılışı ilə əlamətdar olub.

Prezident İlham Əliyev: “Mən həmişə xalqın dəstəyinə arxalanmışam, mənə güc verən xalqın mənə olan inamıdır”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonunun sakinləri ilə görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib: “Mən Beyləqana altıncı dəfədir ki, gəlirəm və hər bir səfərdə gözəl açılışlar, gözəl tədbirlər olur. Bu gün də belədir. Misal üçün bu gün böyük idman mərkəzinin açılışını etdik. Burada idmanla məşğul olmaq üçün gözəl şərait yaradılıb. Yeni yarımstansiya işə düşür, yeni yolun açılışını etdik. Beyləqan rayonunun ümumi inkişafı ilə bağlı ardıcıl tədbirlər görülür. Qazlaşdırma, bir müddətdən sonra 100 faizə çatacaq, indi 97 faizdir. Şəhərin içməli su layihəsi icra olunub”.

Dövlət başçısı bildirib ki, Dünyamalılar kəndində yeni məktəb binası tikiləcək: “Mən artıq bunu dedim, bir daha demək istəyirəm ki, Dünyamalılar kəndində yeni məktəb tikiləcək, çünki həmin məktəbin vəziyyəti o qədər də yaxşı deyil. Yataqxanalarda yaşayan vətəndaşlar üçün 36 mənzilli yeni bina tikiləcək. Növbəti mərhələdə yeni kənd yolları da salınacaq”.

Prezident deyib ki, Beyləqanda 3 aqropark fəaliyyət göstərir və orada məhsuldarlıq yaxşıdır, pambıqçılığın ənənələri bərpa olunur: “Ulu Öndərin vaxtında burada çox bol pambıq yığılırdı, yavaş-yavaş o hədəfə yaxınlaşırıq. Keçən il təqribən 22 min ton pambıq tədarük edilmişdir. Ancaq əlbəttə ki, biz o səviyyəyə çatmamışıq, tədricən buna da, inşallah, çatarıq. Məşğulluqla bağlı da göstəriş vermişəm, yüzlərlə yeni ödənişli ictimai iş açılsın ki, hələlik, iş tapa bilməyən vətəndaşlar ictimai işlərlə məşğul olsunlar”.

Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev idmançılarla və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən deyib: “Bu gün Beyləqan rayonunda çox əlamətdar bir gündür. Beyləqanda Olimpiya İdman Kompleksi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl idman mərkəzidir. Burada idmanla məşğul olmaq üçün bütün şərait var. Bu mərkəzin həm xarici görünüşü, həm də daxili tərtibatı çox gözəldir. Məşq zalları, cüdo, güləş, boks üzrə xüsusi məşq zalları, üzgüçülük hovuzu, böyük idman salonu, stadion. Eyni zamanda, bu mərkəzdə 50 nəfərlik otel də yerləşir. Beləliklə, Beyləqana gələn qonaqlar burada rahat qala bilərlər”.

Prezident bildirib ki, bütün bölgələrdə bu istiqamətdə işlər gedir: “Bu il əlavə iki Olimpiya İdman Mərkəzinin açılışı gözlənilir. Yəni Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini aparır. Bunun nəticəsində bizim idmançılarımız beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında yüksək nəticələr qazanırlar. Hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, idmançılarımız bu gün dünya miqyasında ən yüksək zirvədədirlər. Bunu Olimpiya Oyunları da göstərir. Keçən Yay Olimpiya Oyunlarında medalların sayına görə bizim komandamız dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi bir qələbədir. Çünki biz bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Dünya və Avropa çempionatlarında da bizim idmançılarımız ən yüksək nəticələr göstərərək, bayrağımızı zirvələrə qaldırırlar”.

Dövlət başçımız xüsusi olaraq gənclərin bu sahəyə daha çox meyil etməsini bildirib: “Gənclər vətənpərvər, peşəkar, fiziki cəhətdən güclü olmalıdırlar. Mən görürəm, Beyləqan idmançılarının medalları kifayət qədər çoxdur. Siz bu medalları yarışlarda qazanmısınız. Beyləqanda çox güclü güləş məktəbi vardır. Bu ənənələr yaşayır, yaşayacaq. Əminəm ki, bundan sonra da Beyləqan ölkəmiz üçün gözəl idmançılar yetişdirəcəkdir. Biz isə, çalışacağıq ki, bundan sonra da idmanın inkişafı ilə bağlı lazımi addımları ataq. Çünki idman Azərbaycanda dövlət siyasətidir. Bunu, demək olar ki, bütün beynəlxalq idman qurumları qeyd edir, yüksək qiymətləndirir və məhz buna görə, Azərbaycanda çox böyük beynəlxalq yarışlar keçirilir”.

Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında

Ali Baş Komandan, Prezident İlham Əliyev, həmçinin, yenidən qurulan 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının, rayonu ərazisində yeni inşa edilən “N” saylı hərbi hissəsinin açılışında iştirak etməklə yanaşı, yaradılan şəraitlə tanış olub. Məhz bu gün Azərbaycanın uğurlu iqtisadi inkişafının müsbət nəticəsidir ki, Silahlı Qüvvələrimizin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməkdədir. Təbii ki, güclü ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Son illərdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində sistemli tədbirlər görülüb. Hərbi qulluqçuların rütbə və vəzifə maaşları artırılıb, onlar üçün paytaxtda və bölgələrdə xidməti yaşayış binaları tikilib. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bunu beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatları da təsdiqləyir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev burada silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub. Dövlət başçısı daha sonra yeməkxanada yaradılan şəraitlə maraqlandı və hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar etdi.

Beləliklə, Prezident İlham Əliyevin istər xarici, istərsə də daxili məsələlərdə nümayiş etdirdiyi siyasi iradə Azərbaycanın daha da qüdrətlənməsinin, ölkənin dinamik inkişafının əsas xəttini təşkil etməklə yanaşı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mütərəqqi siyasətini reallaşdırmış olur. Bu isə, son nəticədə, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına və iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər