Siyasət

  • 3 496

Hikmət Babaoğlu: Tələbələrin təqaüdlərinin artırılması Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq

image

Prezident İlham Əliyevin Azərbaycanın ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə təqaüdlərin verilməsi ilə bağlı sərəncamı Azərbaycan gəncliyinə qayğının növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bu, ilk növbədə tələbələrin və elmlə məşğul olmaq istəyən gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması kimi başa düşülür və kifayət qədər düzgün məntiqə əsaslanır:
“Ancaq məsələnin mahiyyəti şübhəsiz ki, yalnız bununla məhdudlaşmır. Hazırda dünya yeni, 4-cü sənaye inqilabı ərəfəsindədir və xalqların intellektual müstəvidə mübarizəsi keyfiyyətcə yeni və daha amansız bir mərhələyə qədəm qoyur. Gələcəkdə dünyada söz sahibinə çevriləcək xalqlar da elə bu mübarizənin qalibi olan xalqlar olacaq. Ona görə də bu mühüm tarixi prosesdə geridə qalmamaq üçün Azərbaycan gəncliyi öz intellektual potensialını daima səfərbər etməli, milli inkişafımızın gələcəyini təmin etməlidir. Bu mənada təqaüdlərin artırılması ölkəmizdə elmin inkişafını motivasiya etməklə Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq”.
Millət vəkili qeyd edib ki, bu prosesdə davamlı və fasiləsiz təhsil mühüm əhəmiyyət kəsb edir: “Bir müddət əvvəl magistrlərə hərbi xidmətdən möhlət hüququ verildi, daha sonra alimlərin mənzil-məişət problemlərinin həlli istiqamətində addımlar atıldı, təhsilin bütün pillələrində yeni metodologiyaya əsaslanan islahatlara start verildi və nəhayət, təqaüdlərin artırılması ilə bağlı mühüm qərar qəbul edildi. Göründüyü kimi, bu addımlar bir-birini tamamlayan və bu sahədə ardıcıllığı təmin edən kompleks xarakterli addımlardır və hədəf Azərbaycanda elmin inkişafını təmin etməkdir. Ümid edirik ki, qəbul edilən bu strateji qərarlar elm sahəsində inkişafı təmin etməklə intellektual əmək sahəsində məhsuldarlığın artmasına da gətirib çıxaracaq”.

yap.org.az

Digər xəbərlər