"Ermənistanın nə iqtisadi, nə də hərbi gücü var” ÖZƏL-ŞƏRH

“Ermənistan istəyir ki, İsrail Azərbaycana silah tədarük etməsin”. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Qriqor Ovannisyan “The Jerusalem Post”a müsahibəsində deyib. Amma İsrail İrəvanın bu tələblərinə qətiyyən məhəl qoymayaraq Azərbaycanla əməkdaşlığı genişləndirir. Ermənistan nədən Azərbaycanın aldığı İsrail silahlarından belə ehtiyat edir? Məsələ ilə bağlı SİA-ya açıqlama verən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib ki, artıq birinci dəfə deyil ki, erməni rəsmiləri İsraillə Azərbaycanın əməkdaşlığından narahat olduqlarını müxtəlif səviyyələrdə dilə gətirirlər: “Bunun da özünəməxsus səbəbləri var. İsrail qısa müddət ərzində olduqca güclü və modern hərbi sənaye qura bilib və dünya silah bazarında söz sahiblərindən birinə çevrilib. Azərbaycanla İsrail arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətləri isə imkan verir ki, bu iki ölkə qarşılıqlı şəkildə, iqtisadi, hərbi enerji və s. kimi strateji sahələrdə öz təhlükəsizliklərini təmin etmək üçün bir-birinin imkanlarından faydalansın. Bununla yanaşı İsrail modern dövlətçilik təsisatlarına sahib olan ölkə olduğu üçün onun institusional strukturu hər hansı işğalçı ölkə ilə əməkdaşlığı məhdudlaşdırır.Ermənistan isə işğalçı ölkədir və Azərbaycanın torpaqlarının iyirmi faizini işğal edib, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədib. Soyqırımını İsrail xalqı öz tarixi keçmişində yaşadığı üçün onun nə olduğunu yaxşı bilir. Əgər Ermənistan İsraillə tərəfdaşlıq etmək istəyirsə, ilk növbədə, öz işğalçılıq siyasətinə son qoymalıdır. Əks təqdirdə Azərbaycanın dostları və strateji müttəfiqlərinin səyi nəticəsində Ermənistan beynəlxalq münasibətlər sistemində getdikcə daha çox təcrid vəziyyətinə düşəcək. Heç bütün ölkələr bəzi güc mərkəzləri kimi Ermənistana ya ödənişsiz, ya da kreditlə silah vermək fikrində deyil. Yaxşı olar ki Ermənistan Azərbaycanla İsrailin əməkdaşlığını qısqanmaqdansa işğalçı ordusunu Azərbaycan ərazilərindən çəksin və regional inteqasiya üçün şərtlər formalaşsın. Bu bütün region ölkələrinin lehinə olar. Əks təqdirdə yeganə alternativ müharibə olar ki, bunu da aparmağa Ermənistanın nə iqtisadi, nə də hərbi gücü var”.

sia.az