Ülviyyə Həmzəyeva: Azərbaycanda milli mədəniyyətimizə dövlət qayğısı siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub

“Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı səmimilik şəraitində keçən görüşdə ziyalılarla mədəni inkişaf məsələlərini geniş müzakirə edib. Prezident İlham Əliyev görüşdəki çıxışında verdiyi ciddi mesajlarla əslində milli-mədəni inkişafın prioritetlərini müəyyənləşdirib”. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva deyib.

Ü.Həmzəyeva bildirib ki, milli mədəniyyət hər bir xalqın inkişafında, qloballaşma şəraitində öz identikliyini qoruyub saxlamasında müstəsna əhəmiyyət daşıyır. Bu baxımdan müstəqil respublikamızın və xalqımızın xoşbəxtliyi ondadır ki, əcdadlarımız əsrlər boyu yaşadıqları coğrafiyada zəngin mədəniyyət yaratmışlar və ənənələr bu gün də yaşayır. Onun sözlərinə görə, müxtəlif janrlarda yüksək peşəkarlıqla yaradılan mədəniyyət nümunələrimizin dünya arenasına çıxarılması qürurverici haldır.
“Azərbaycanda milli mədəniyyətimizə hərtərəfli dövlət qayğısı siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Son 15 ildə isə Prezident İlham Əliyev bu siyasəti ardıcıllıqla davam etdirib. Müstəqil Azərbaycanda milli mədəniyyətimiz dövlət və şəxsən Prezident İlham Əliyev tərəfindən güclü şəkildə himayə olunur. Dövlət başçısının mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi görüşdə də respublikamızda mədəniyyətimizin inkişafı ilə bağlı görülmuş işlər barədə ətraflı söhbət açılıb. Görüşdə Prezident İlham Əliyevin verdiyi mesajlardan bəlli olur ki, ölkəmizdə mədəniyyətin inkişafı perspektivdə də dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edəcək. Bütövlükdə, Azərbaycan Prezidenti qarşıdan gələn dövrdə ölkənin mədəni inkişafının əsas vəzifələrini müəyyənləşdirib. Görüşdə mədəniyyət və incənət xadimləri müxtəlif təkliflərlə çixiş etdilər. Mən rəssam olduğum üçün bu sahə ilə əlaqədar olan təklifləri də maraqla izlədim. Görüşdə Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov dəyərli təkliflər verdi. Onun təklifləri dövlət başçısı tərəfindən dəstəkləndi. Əminik ki, rəssamlıq sahəsinin inkişafına dövlətin dəstəyi daha da güclənəcək. Bütövlükdə isə, bu görüş Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə dövlət qayğısının yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir”-deyə, deputat qeyd edib.

yap.org.az