Xalid Əl-Uteybi: Küveyt Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Martın 11-də Milli Məclisin Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüblər.

Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Hüseynbala Mirələmov ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərindən danışıb, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini deyib.
Müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi ağır ictimai-siyasi vəziyyətdən bəhs edən Hüseynbala Mirələmov qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Xalid Əl-Uteybi deyib ki, Azərbaycan və Küveyt dostluğu tarixi, dərin mədəni köklərə söykənir. İki ölkə arasında iqtisadi, siyasi, mədəni sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Xalid Əl-Uteybi ticari əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.
Xalid Əl-Uteybi Azərbaycanın hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Küveytin mövqeyini müdafiə etdiyini bildirərək vurğulayıb ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.
Azərbaycanın həyata keçirdiyi beynəlxalq tədbirlərin onun dünyadakı nüfuzunu daha da artırdığını bildirən Xalid Əl-Uteybi Azərbaycanın bu uğurlarının dost Küveyt tərəfindən sevinclə qarşılandığını ifadə edib.
Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Bildirib ki, münaqişə nəticəsində torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilib, bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

yap.org.az