Azərbaycan dünya birliyi üçün mühüm tərəfdaşa çevrilir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Parisdə bir sıra mühüm görüşlər keçirib

Fransa Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 11-də Parisdə “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşündən məmnun olduğunu dedi. Birinci vitse-prezident Mehriban Əliyeva bildirdi ki, XIX əsrdə Azərbaycanda çox məşhur olan Rotşildlər 1883-cü ildə “Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti”ni təsis etmişdilər. “Azərbaycan - Bakı o zaman neft sənayesinin mərkəzi idi və Rotşild qardaşları Bakıya böyük investisiya gətirmişdilər”, - deyən Mehriban Əliyeva bütün bunların Bakıda neft sənayesinin daha da canlanmasına səbəb olduğunu diqqətə çatdırdı. Bununla yanaşı, Rotşild qardaşlarının xeyriyyəçiliklə də məşğul olduqlarını və Bakıda çoxlu gözəl binalar tikdirdiklərini deyən Azərbaycanın Birinci vitse-prezidenti əməkdaşlığın ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da davam etdirildiyini bildirdi, Azərbaycan Mərkəzi Bankı ilə “Rothschild Global Financial Advisory” şirkəti arasında imzalanacaq strateji əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğuladı. Mehriban Əliyeva David dö Rotşildi ölkəmizə səfərə dəvət etdi.

“Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild bu görüşdən şad olduğunu bildirərək, Rotşildlərin Azərbaycandakı fəaliyyətinin tarixi köklərinin olduğunu dedi. “Ailəmizin Sizin ölkənizdəki fəaliyyəti barədə bilirik və hesab edirəm ki, onlar tarixdə iz qoyan fəaliyyət göstəriblər”, - deyən David dö Rotşild Azərbaycana səfər dəvətini məmnunluqla qəbul etdi. Görüşdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Martın 11-də Fransa Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə “Suez Groupe” şirkəti arasında ətraf mühit, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 11-də Parisdə Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə onkoloji xəstəliklərin qarşısının alınması, bu sahədə təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Həmçinin görüşdə iki ölkənin onkologiya mərkəzləri arasında sıx əməkdaşlığın qurulmasının və birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulandı.